ELZÁS (Alsace) – Fransanın şm.-q.-indә tarixi vil. ( әsasәn, indiki Yuxarı vә Aşağı Reyn dep.-tlәrini әhatә edir). “E.” adına ilk dәfә 7 әsrdә tәsadüf edilir. 7 әsrin sonu – 8 әsrin birinci yarısında hersoqluq, sonradan isә Karolinqlәr dövlәti tәrkibindә qraflıq olmuşdur. 870 ildә imzalanmış Mersen müqavilәsinә görә Lotaringiya krallığının tәrkibindә olan E. Şәrqi Frank krallığının, 10 әsrdә isә Şvabiya hersoqlarının hakimiyyәti altına keçmişdi. İtaliya, Almaniya vә Fransanın ticarәt yollarının kәsişmәsindә yerlәşmәsi 12 әsrdәn E. şәhәrlәrinin iqtisadi vә siyasi әhәmiyyәtinin artmasına sәbәb oldu, dini vә dünyәvi senyorlara qarşı uzunmüddәtli mübarizә nәticәsindә onların bir çoxu özünüidarә hüququ әldә etdi. 1262 ildә senyor-yepiskop hakimiyyәtindәn azad olan Strasburq azad imperiya şәhәri statusu aldı. İmperiya şәhәri statusunu qazanan daha 10 E. şәhәri [Mülhauzen (Myuluz), Kolmar, Münster, Türkheym, Kayzersberq, Şletştadt (Selesta), Oberenheym (Oberne), Rosheym, Hagenau (Aqno), Veysenburq (Vissembur)] 1354 ildә imtiyazlarını qorumaq mәqsәdilә “Onlar ittifaqı”nı (“Decapolis”) yaratdılar (bu ittifaq 3 әsr mövcud oldu). 13–14 әsrlәrdә burada mahud istehsalı vә şәrabçılıq yüksәk inkişaf mәrhәlәsinә çatdı. 15–16 әsrlәrdә humanizm vә Reformasiyanın mühüm mәrkәzi idi. 15 әsrin sonu – 16 әsrdә E.-ı kәndli-plebey hәrәkatı bürüdü [elzaslılar “Başmaq” üsyanında, Almaniyada kәndli müharibәsindә (1524–26) iştirak etdilәr]. Otuzillik müharibә (1618–48) zamanı E. uğrunda Habsburqlar vә Fransa arasında inadlı mübarizә getdi; Vestfaliya sülhünә (1648) görә E. Fransanın hakimiyyәti altına keçsә dә, imperiya şәhәrlәri imperiyanın tabeliyindә qaldı. 1673 ildә Fransa kralı XIV Lüdovik “Onlar ittifaqı”na daxil olan şәhәrlәri, 1681 ildә isә Strasburqu tutdu. 1697 ildә imzalanmış Risvik (Reysveyk) sülhü Strasburq vә digәr E. torpaqlarının Fransanın tәrkibinә keçmәsini tәsbit etdi. 18 әsr E.-da k.t. (kartof, tütün, çәtәnә vә s. bitkilәr) vә sәnayenin yüksәliş dövrü idi. 18 әsrin ikinci yarısında E. iri toxuculuq mәrkәzinә çevrildi. Strasburq Un-ti ümumavropa әhәmiyyәti kәsb etdi. E. xalqı Böyük Fransa inqilabına fәal iştirak etmiş, “Marselyeza” isә Strasburqda yazılmışdır (1792). İnqilab E.-ı Fransa ilә möhkәm birlәşdirdi. 1798 ildә, hәlә dә müstәqilliyini saxlamış E. şәhәri Myuluz da könüllü surәtdә Fransaya birlәşdi. Fransa–Prussiya müharibәsindәn (1870–71) sonra imzalanmış Frankfurt sülhünә (1871) görә E. vә Şәrqi Lotaringiya Almaniyanın hakimiyyәti altına keçәrәk Elzas-Lotaringiya imperiya әrazisini tәşkil etdi. Versal sülh müqavilәsinә (1919) görә, Elzas vә Lotaringiya yenidәn Fransaya verildi. 1940 ildә Almaniya tәrәfindәn ilhaq olunan E. vә Lotaringiya Almaniyanın mәğlubiyyәtindәn sonra yenidәn Fransaya qaytarıldı.