ELZÁS-LOTARİNGİYA (Alsace-Lorraine) – Almaniyanın 1871–1918 illәrdә imperiya әrazisi; Fransa–Prussiya müharibәsi (1870–71) zamanı Fransadan qoparılmış Elzas dep.-tlәri Yuxarı vә Aşağı Reyn (Belfor r-nundan başqa), hәmçinin Lotaringiya dep.-tlәri Myort vә Mozelin bir hissәsindәn tәşkil olunmuşdu. İlk vaxtlar E.-L.-da inzibati hakimiyyәt asayişin qorunması üçün hәrbi qüvvә daxil olmaqla bütün vasitәlәrdәn istifadә etmәk hüququna malik, imperator tәrәfindәn tәyin edilәn ober-prezidentin әlindә idi. E.-L. әhalisinin yerli özünüidarә orqanları olmasa da, onlar Almaniya reyxstaqına 15 deputat seçmәk hüququ әldә etmişdi. E.-L. әhalisinin getdikcә artan narazılığı (almanlaşdırma siyasәtinә vә s. etiraz әlamәti olaraq 1872–82 illәrdә tәqr. 400 min elzaslı vә lotaringiyalı Fransaya mühacirәt etmişdi) vә böyük siyasi nüfuza malik yerli solçu Protest partiyasının E.-L.-nın ilhaqına qarşı çıxması imperiya hökumәtini 1877 ildә burada hәrbi rejimi yumşaltmağa vadar etdi. E.-L.-da yerli nümayәndәli orqan (Landesauss- chuss) yaradıldı, 1879 ildә isә ober-prezidentin әvәzinә ştathalter tәyin olundu. Lakin 1881 ildәn işğal rejimi yenidәn sәrtlәşdirildi. 19 әsrin 90-cı illәrindә E.-L.- da dәmir filizi çıxarılmasının daha da artması Almaniyada sәnayenin inkişafına kömәk etdi; Almaniya kapitalının E.-L.-ya axını yerli burjuaziya ilә alman burjuaziyasını yaxınlaşdırdı. E.-L.-ya Almaniya imperiyası daxilindә muxtariyyәt verilmәsi tәrәfdarları fәallaşdılar. 1911 ildә E.-L. üçün yerli qanunvericilik orqanı (landtaq) yaradılmasını nәzәrdә tutan konstitusiya qәbul olundu. E.-L. üçün reyxsratda 3 yer ayrıldı. Lakin yerli әhaliyә qarşı ayrıseçkilik vә almanlaşdırma siyasәti davam edirdi. E.-L. üstündә Almaniya–Fransa ziddiyyәtlәrinin kәskinlәşmәsi Birinci dünya müharibәsinin başlanmasında mühüm rol oynadı.