“ELZEVİRLӘR” – 16 әsrin sonu – 18 әsrin әvvәli mәşhur Holland kitab naşirlәri sülalәsinin nәşrlәri. 16 әsrin 80-ci illәrindә Böyük Lodeveyk Elzevir tәrәfindәn Leydendә tәsis edilmişdir (bax Elzevirlәr). Nәşrlәr yüksәk poliqrafik icrası, aydın vә gözәl şrifti, sadә vә zәrif tәrtibatı ilә fәrqlәnirdi. Nәşr olunan kitabların xüsusi diqqәtlә seçilmәsi, bu işә әn yaxşı alim vә mütәxәssislәrin cәlb olunması “E.”-in yüksәk elmi keyfiyyәtini tәmin edirdi. Elzevirlәrin nәşrlәri arasında antik müәlliflәrin yaxşı elmi aparatla vә daha mükәmmәl çatdırılması ilә fәrqlәnәn әsәrlәri, müasir alimlәrin kitabları (Qaliley, Dekart, Paskal, Hobbs, Lokk), fransız vә italyan bәdii әdәbiyyat nümunәlәri (Molyer, Kornel, Rable, Bokkaçço vә b.), şәrqşünaslığa dair nәşrlәr (әrәb vә qәdim yәhudi dillәrindә) var. Ölkәlәrin tarixi-coğrafi tәsvirini әhatә edәn “Dövlәtlәr” silsilәsi (vәrәqin 1/24 hissәsi), vәrәqin kiçik hissәsini әhatә edәn miniatür cildlәr, inkvarto (antik müәlliflәr) vә foliantlar (İncil, Braziliya florasının tәsviri, “Qәdim Almaniya”, “Qәdim İtaliya”, әrәb dili lüğәti) әn populyar çap mәhsulları idi. “E.” bir çox cәhәtdәn 17 әsrin elmi vә tәdris kitablarını sәciyyәlәndirmiş, kitab nәşrinin vә kitab sәnәtinin sonrakı inkişafına sәmәrәli tәsir göstәrmişlәr.