ƏKS-AXIN – okean vә dәnizlәrin hәr hansı bir hissәsindә üstünlük tәşkil edәn külәklәrin әksinә yönәlmiş dәniz axınları (mәs., passatlararası Ə.-a.-lar), yaxud mәlum dayanıqlı sәth axınlarının әksinә yönәlmiş axınlar. Sәth, sәthaltı vә dәrinlik Ə.-a.-larını ayırırlar; bu axınlar okeanların ümumi sirkulyasiyasına tәsir edәn mühüm amillәrdir. Aparılmış tәdqiqatlar sәthaltı axınların sәth axınlarının әksinә olduğunu göstәrmişdir; Dünya okeanının, demәk olar ki, hәr bir yerindә Ə.-a.-lara rast gәlinir. Sularının sıxlığı müxtәlif olan dәnizlәri birlәşdirәn boğazlarda (mәs., Cәbәlüttariq, Bosfor) Ə.-a.-lara daha tez-tez rast gәlinir; burada sәth axını suyunun sıxlığı çox olan hövzәyә doğru, әks dib axını isә suyunun sıxlığı az olan hövzәyә doğrudur. Ekvatorial sәthaltı Ə.-a.-ları (Sakit okeanda Kromvell axını, Atlantika okeanında Lomonosov axını) daha çox öyrәnilmiş vә açıq okeanın әn dayanıqlı axınlarıdır; ekvator boyu q. yönümlü Cәnubi Passat axınının altı ilә ensiz axın şәklindә ş.-ә doğru hәrәkәt edir. Passat külәklәrinin zәiflәdiyi dövrdә ekvatorial sәthaltı Ə.-a.-lar okean sәthinә “çıxa” bilir. Dәrinlik Ə.-a.-larından Qolfstrim axınının altı ilә c.-a doğru hәrәkәt edәn axın daha çox öyrәnilmişdir; bu Ə.-a. 2–5 km dәrinliyi әhatә edir; sürәti 20 sm/san-yәdәkdir. Daha dәrinlikdә bu axın Antarktika sularının şm. istiqamәtli dib axınları ilә әvәz olunur. Dәrinlik Ə.-a.-larına Qolfstrimin kәnarlarında da rast gәlinir.