EMPİRİOKRİTİSİZM – 19 әsrin 2-ci yarısında Almaniya vә Avstriyada yaranmış subyektiv idealist fәlsәfi cәrәyan; maxizmin növü. Pozitivizmin inkişafında ikinci mәrhәlә. “E.” terminini ilk dәfә Avenarius özünün “Xalis tәcrübәnin tәnqidi” әsәrindә işlәtmişdir. Metafizikaya qarşı çıxan empiriokritiklәr tәfәkkür prosesindә nәzarәtin vә tәnqidi analizin azlığı sәbәbindәn elmә metafizik müddәaların daxil olduğunu düşünür, hesab edirdilәr ki, pozitiv fәlsәfәnin vәzifәsi “tәcrübәni tәmizlәmәk”, metafizik mәnbәlәri müәyyәnlәşdirib neytrallaşdırmaqdan ibarәtdir. E.-dә “tәcrübәnin tәmizlәnmәsi” “duyğular axını”nı bütün pozitiv biliklәrin tәmәli vә şәrtsiz mәnbәyi olaraq götürmәk demәkdir. E. maddi alәmin obyektivliyini inkar edir, onun “neytral elementlәr”dәn (duyğulardan) ibarәt olması müddәasını irәli sürürdü. Empiriokritiklәr tәcrübәni (әzәli olan duyğuları) ilkin, tәbiәti, materiyanı vә varlığı (psixik vә fiziki olanları) isә törәmә sayırdılar. Onlara görә, neytral elementlәrdәn aralarında kor- relyasiya (“prinsipial koordinasiya”) olan “fiziki cisimlәr” vә “şüurların mahiyyәti” yaranır. E. prinsipial koordinasiya prinsipini (“Mәn”siz mövcud olmayan obyektiv alәm haqqında konsepsiya) elan etmәklә subyektiv idealist mövqe tuturdu.
Empiriokritik fәlsәfi proqramın başlıca komponentlәrindәn biri elm tarixinә “davamlılıq prinsipi”nin qәbul olunmasının nәticәlәrindәn biri kimi çıxış edәn münasibәt idi. Empiriokritiklәrin әsәrlәrindә elm tarixi elm korifeylәrinin hәyat hadisәlәrinin xronoloji ardıcıllığından ibarәt salnamә kimi deyil, bütün elmi biliklәr sisteminin davamlı inkişaf prosesi şәklindә işıqlandırılırdı. Empiriokritiklәr hesab edirdilәr ki, elm fәlsәfәsinin vәzifәsi elmi yaradıcılığın psixoloji mexanizmlәrini, elәcә dә elmi biliklәrin tәşkilinin effektiv üsullarını öyrәnmәkdir. Bu cәrәyan C. Berklinin, D. Yumun vә İ. Kantın subyektiv idealizmini dirçәltmәk tәşәbbüsü idi. Avenarius vә Maxla yanaşı, İ. Petsold, A. Boqdanov, B. Bazarov vә b. E.-in nümayәndәlәri olmuş, V. Ostvald E.-ә yaxın mövqe tutmuşdu.