EMPİRİOMONİZM (yun. εμπειρια – tәcrübә vә monos – tәk) – empiriokritisizmin, maxizmin növlәrindәn biri. 20 әsrin әvvәllәrindә A.A. Boqdanov tәrәfindәn yaradılmışdır. Tәcrübәnin monistik şәrhinә әsaslanır. E.-in tәmәlini üç әsas müddәa tәşkil edir: 1) sadә realizm (әşyaların mәhz duyğu ilә qavranıldığı şәkildә olmasına insanı inandırma); 2) “tәbiәt”in (aşağı, qeyri-üzvi vә әn sadә üzvi kombinasiyalar) genetik cәhәtdәn birinci, “ruh”un (assosiativ, xüsusilә dә “tәcrübә”ni yaradan ali üzvi kombinasiyalar) isә ikinci olduğunu tәsdiqlәmәk; 3) idrak daim vәhdәtә, monizmә meyil edir, buna görә dә fәlsәfә “parçalanmış vә dağılmış tәcrübәni bir yerә toplamaq cәhdidir”. Bәzi prinsipial mәsәlәlәrdә empiriokritisizmdәn ayrılan Boqdanov hesab edirdi ki, Max vә Avenarius element-duyğulardan ibarәt vahid tәcrübәdә bir-birindәn tam fәrqli psixik vә fiziki elementlәrin mövcudluq sәbәbini izah etmәmişlәr. Bu dualizmdәn qurtulmağa çalışan E. hәmin elementlәr arasındakı әlaqәni genetik cәhәtdәn (psixik vә fiziki olanın yaranması) vә onların mütәşәkkilliyi baxımından öyrәnirdi.
E.-ә görә, maddi alәm element komplekslәri silsilәsindәn ibarәtdir. Bu silsilәdә hәr bir kompleks xüsusi mütәşәkkilliyi ilә seçilir. Hәmin silsilәnin halqaları aşağıdakılardır: 1) elementlәr hәrc-mәrcliyi (materializm bunu insansız tәbiәt adlandırır); 2) elementlәrin assosiativ әlaqәsi (psixik olan, yaxud fәrdi mütәşәkkil tәcrübә); 3) fiziki olan vә ondan törәmә idrak (ictimai mütәşәkkil tәcrübә). Әmәk prosesindә psixik olan (fәrdi mütәşәkkil tәcrübә) fiziki olanın (ictimai mütәşәkkil tәcrübәnin) bir hissәsinә çevrilir vә müstәqil idraki әhәmiyyәtini itirir. E. hesab edir ki, idrakın funksiyası tәcrübәni fәal surәtdә ahәnglәşdirmәk, onun ziddiyyәtlәrini aradan qaldırmaq, tәcrübә üçün ümumi tәşkiledici formalar yaratmaq, elementlәr (duyğular) xaosunu nizamlı münasibәtlәr alәmi ilә әvәz etmәkdir. E.-ә görә, sәbәb, mәkan vә zaman tәcrübәnin ictimai
mütәşәkkilliyini ifadә edir. Hәqiqәt “canlı tәşkiledici tәcrübә”dir. Hәr şeydәn әvvәl “bilavasitә tәәssüratlar kompleksi” olan insan isә sonrakı inkişaf nәticәsindә fiziki cismә çevrilir. E.-ә görә, istәnilәn zaman mәlum olmayan fiziki, yaxud fizioloji faktı psixik faktla әvәz etmәk olar vә
ya әksinә, yәni maddi olanı ideal olana aid etmәk mümkündür.
E. Lenin vә Plexanov tәrәfindәn tәnqid olunmuş, hәtta ideyaca Boqdanova yaxın olan Yuşkeviç hesab etmişdi ki, E. panpsixizmә vә idealizmә aparıb çıxarır.