EMPİRİOSİMVOLİZM – empiriokritisizmin P.Yuşkeviç tәrәfindәn yaradılmış növü. Yuşkeviçә görә, varlıq “tәcrübәlәri birlәşdirәn simvollar sistemidir”, tәcrübә özü isә “sonsuz vә rәngarәng duyğular kütlәsi”, yaxud gerçәkliyi yaradan elementlәr toplusudur. E.-in başlıca ideyası ondan ibarәtdir ki, ümumi anlayışlar vә onlar arasındakı әlaqәlәr (qanun, sәbәb, zaman, mәkan vә s.) maddi mövcud olan heç bir şeyi әks etdirmәyәn simvol-konvensiyalardır (empiriosimvollar). Yuşkeviç bu ideyanı materiyanı “hissiyyatla qavranılan elementlәrin nisbәtәn sabit kompleksinin xәyali simvolu” hesab edәn A. Puankare vә E.Maxdan әxz etmişdi. Yuşkeviçin fikrincә, empiriosimvollar “xalis tәcrübәdә” verilәnlәr (yәni müxtәlif duyğular) vә “xalis zәka”nın yaratdıqlarıdır (buraya fantastik tәsәvvürlәr dә aid edilir). Әn sadә empiriosimvollar ayrıca duyğularla bağlıdır. Ali empiriosimvollar isә tәbiәt qanunlarıdır. 20 әsrin elmi idrakında işarә vә simvolların artan rolunu haqlı olaraq vurğulayan Yuşkeviç işarә-surәtlәrlә işarә-simvolları (müvafiq olaraq, anlayışsurәtlәr vә anlayış-simvollar) qarşı-qarşıya qoyurdu. O, birincilәri az әhәmiyyәtli hesab edir, ikincilәrin rolunu isә mütlәqlәşdirirdi; belә nәticәyә gәlirdi ki, bizim idrakımızın tәmәlini tәşkil edәn irrasional “verilәnlәr axını”, yaxud “şüur axını” anlayış-simvolların kömәyilә sistemlәşir vә tәkmillәşir, yalnız bundan sonra “hәqiqi reallığa” çevrilir. E.-in başlıca prinsiplәri P. Yuşkeviçin “Müasir energetika” (1908), “Materializm vә tәnqidi realizm” (1908) әsәrlәrindә şәrh edilmişdir. E.-ә berkliçiliyin vә kantçılığın böyük tәsiri olmuşdur. Yuşkeviçin fikirlәrindәki subyektivlik vә qeyri-dialektiklik Lenin vә Plexanov tәrәfindәn tәnqid edilmişdir.