ENDOKARDÍT (endo... + yun. καρδία – ürәk) – ürәyin daxili qişasının (endokard) iltihabı. E. çox halda müstәqil xәstәlik olmayıb, ikincili xәstәliklәrdә müşahidә olunur. Yalnız streptokokklar tәrәfindәn törәdilәn yarımkәskin bakterial E. müstәqil sәciyyә kәsb edir. Xәstәliyi törәdәn әsas sәbәb revmatizm vә sepsisdir.
Birlәşdirici toxumanın diffuz xәstәliklәri vә revmatizm zamanı immun komplekslәrә qarşı iltihabi reaksiya ilә әlaqәdar endokardda lokallaşan vә adәtәn miokarditlә birlikdә olan E. meydana çıxır. Bu E. xroniki gedişlidir vә kliniki әlamәtlәri zәifdir. Proses ürәk qapaqlarında lokallaşdıqda ürәk qüsurları әmәlә gәlir. İkincili E.-lәrdәn nadir hallarda allergik, eozinofilli fibroplastik, travmatik (o cümlәdәn operasiyadan sonrakı), intoksikasion E. vә tromboendokardit baş verә bilir. Kәskin septik E. ümumi sepsisin ağırlaşması kimi qiymәtlәndirilir. Bakterial E.-lәrә çox vaxt tәnәffüs yolları, bağırsaq, dәri, habelә әtraf mühitin mikrobları sәbәb olur. Belә halların 80%-indә yaşıl streptokokklar iştirak edir. Bәzәn qızılı stafilokokklar vә enterokokklar da tapılır. Nadir hallarda E.-in törәdicisi kimi bağırsaq çöplәri, protey çöplәri, göy irin çöplәri, digәr streptokokklar, patogen göbәlәklәr dә aşkarlanır. Bakterial E.-in әmәlә gәlmәsi üçün qısa vә ya uzun müddәt bakteriemiya dövrü tәlәb olunur. Bu isә istәr orqanizmdә infeksiya ocağının (tonzillit, periodontit, furunkul) mövcudluğu ilә, istәrsә dә toxuma baryerini pozan cәrrahi әmәliyyatlar, kateterizasiya, dişin çıxarılması, bronxoskopiya, dәrman preparatlarının, yaxud narkotik maddәlәrin venadaxili yeridilmәsi vә s. ilә әlaqәdar ola bilәr.
Xәstәliyin meydana çıxması infeksion prosesin, immun pozulmaların simptomlarından vә ürәk qapaqları zәdәlәnmәsinin әlamәtlәrindәn asılıdır. Tez-tez anamnezdә revmatizm qeyd edilir. Xәstәlik aydın şәkildә başladıqda üşütmә vә çoxlu tәrlәmә ilә anormal tip qızdırma (bәdәn temp-ru 38,5–39,5°C), oynaq vә әzәlәlәrdә ağrı, zәiflik vә arıqlama nәzәrә çarpır. Çox vaxt, xüsusәn E. uzun sürdükdә, dәri zәif sarı lәkәli rәngdә özünәmәxsus solğun-bozumtul (südlü qәhvә rәngindә) rәng alır. Bәzәn dәridә petexiya, nadir hallarda isә sәpgi aşkarlanır. M ü a l i c ә s i: yarımkәskin bakterial E.-dә müalicәni adekvat antibiotikin effektli bakterisid dozasının tәyini tәşkil edir. Müalicә zamanı iki hәftәәrzindә müsbәt dinamika qeyd edilmәzsә, ürәyin zәdәlәnmiş qapağı cәrrahi yolla çıxarılır vә protez qapaq qoyulur. Eyni zamanda simptomatik müalicә (detoksikasiya, ürәk qlikozidlәri, trombolitik dәrmanlar) dә aparılır.
Proqnoz antibiotiklәr tәtbiq olunana qәdәr әlverişsiz olsa da, hazırda ölüm hadisәsi azalıb. Ölüm ürәk vә ya böyrәk çatışmazlığı, tromboemboliya, intoksikasiya ilә әlaqәdar ola bilәr.
Müalicәdәn sonrakı 4 hәftә әrzindә bәzәn E.-in residivi mümkündür. Bunun gedişi daha ağırdır vә çox vaxt cәrrahi әmәliyyat tәlәb edir.
P r o f i l a k t i k a s ı: xroniki infeksion xәstәliklәrin aktiv müalicәsi, infeksiya ocağının vaxtında sağlamlaşdırılması. Bunlardan әlavә tonzillit, pielonefrit, angina, pnevmoniya, habelә bakteriemiya verә bilәn hәr hansı әmәliyyat zamanı uzun- müddәtli tәsirә malik antibiotiklәr tәyin olunmalıdır.