ƏKS-DALĞA LAMPASI – ifrat yüksәktezlikli (İYT) elektrovakuum cihazı; iş prinsipi elektron seli ilә elektronların hәrәkәtinin әksinә qaçan (yayılan) lәngidilmiş elektromaqnit dalğasının qarşılıqlı tәsirinә әsaslanır. Əsasәn, tezliyә görә sazlanan İYT-generator bәzәn güclәndirici kimi tәtbiq edilir. Ə.-d.l.-nın yaradılması ideyasını 1948 ildә rus alimi M.F.Stelmax irәli sürmüşdür. Elektron seli vә әks dalğanın qarşılıqlı tәsiri nәticәsindә İYT rәqslәrin generasiyası hadisәsini ilk dәfә 1950 ildә Amerika fiziki S.Milman aşkar etmişdir. Belә tip lampaları ilk dәfә nәzәri tәsvir etmiş Amerika alimlәri R.Kompfner vә N.Uilyams 1953 ildә onlara “Ə.-d.l.” adını vermişdilәr. Xarici әdәbiyyatda Ə.-d.l. bәzәn karsinotron adlandırılır. Ə.-d.l.-nda elektron topu tәrәfindәn yaranan elektron seli lövhәciklәr cәrgәsindәn ibarәt lәngidici sistemdәn keçir vә elektronların hәrәkәtinin әksinә qaçan elektromaqnit dalğaları yaradır. Qaçan dalğa lampasında (QDL) olduğu kimi Ə.-d.l.-nda elektromaqnit dalğası ilә elektron selinin qarşılıqlı tәsiri o şәrtlә baş verir ki, elektronların orta sürәti dalğanın faza sürәtinә yaxın olsun (elektronların vә dalğaların sinxronluğu). Qaçan dalğanın elektrik sahәsinin tәsiri ilә elektron selindә elektron topası әmәlә gәlir. Hәr bir topa növbә ilә lәngidici sistemin lövhәciklәri arasındakı arakәsmәlәrdәn keçәrkәn qaçan dalğanın növbәti yüksәlmiş gәrginliyi ilә rastlaşır vә onun elektrik sahәsi tәrәfindәn lәngidilir (rәqslәrin generasiyası şәrti). Bu şәrt o zaman yerinә yetirilir ki, elektron topasının bir arakәsmәdәn digәrinә keçmә müddәti rәqslәr periodunun yarısından az olur. Elektron topunun katodu ilә lәngidici sistemin (anodun) arasındakı gәrginliyin yüksәlmәsi (enmәsi) hәmin keçmә müddәtini azaldır (artırır), buna uyğun olaraq generasiya olunan rәqslәrin periodunu da qısaldır (uzadır). Elektromaqnit dalğasının faza vә qrup sürәtlәrinin müxtәlif istiqamәtli olması (yәni elektromaqnit dalğasının enerjisi elektron selinin әksinә yayılır, bu da müsbәt әks-әlaqәnin yaranmasını tәmin edir) Ə.-d.l.-nın (QDL-dәn fәrqli olaraq) әsas xüsusiyyәtidir.
O-tip vә M-tip Ə.-d.l.-ları olur. O-tip lampalarda elektron topu tәrәfindәn yaradılmış elektron seli dalğanın elektrik sahәsi tәrәfindәn elektronların lәngidilmәsi nәticәsindә elektromaqnit dalğasına kinetik enerji verir, lakin elektron dәstәsinin verilmiş kәsiyi maqnit sisteminin (daimi maqnitlәr) va ya elektrostatik fokuslayıcı sistemin kömәyilә sabit saxlanılır. Bu Ə.-d.l.- ları bir GHs-dәn bir neçә THs tezliyәdәk diapazonda bir neçә MVt-dan bir Vt-adәk rәqslәr generasiya edir; tezliklәrin dәyişdirilmә diapazonu 10–15%-dәn oktavayadәk, f.i.ә., adәtәn, bir neçә faizәdәkdir. Radiolokasiya st.-da heterodinlәr, dәyişdirilәn verici generatorlar, oynayan tezlikli generatorlar vә s. kimi istifadә edilir.
M-tip Ə.-d.l.-larında elektronların potensial enerjisi İYT sahәnin enerjisinә çevrilir, elektron seli isә kәsişәn elektrik vә maqnit sahәlәrindә әmәlә gәlir (maqnetronda olduğu kimi). Bu lampaların tezlik diapazonu 200 MHs-dәn 20 GHs-әdәkdir. Fasilәsiz rejimdә çıxış gücü dalğaların desimetr diapazonunda onlarla kVt-adәk (santimetr diapazonunda bir neçә kVt-adәkdir), tezliklәrin dәyişdirilmә diapazonu 40%-adәk, f.i.ә. 50–60%-әdәkdir. M-tip Ə.-d.l.- nın üstün cәhәtlәrindәn biri dә generasiya olunan tezliyin sürәtlәndirici gәrginlikdәn xәtti asılılığıdır. Rabitә sistemlәrindә, radiomüqavimәtdә (radioәks-rabitә), ölçmә cihazlarında vә s. aparatlarda tәtbiq edilir.