ƏKS-KÜRƏK – birçalovlu ekskavatorda işlәk avadanlıq; ekskavatorun dayandığı sәviyyәdәn aşağıda yerlәşәn çalaları, xәndәklәri vә s. qazmaq üçündür. Ə.-k.-li ekskavator dar yerlәrdә, hüdudlandırılmış sahәlәrdә qazıma işlәri aparmaq, xәndәklәri tәmizlәmәk vә s. mәqsәdlәrlә istifadә edilir. Ə.-k.-in iş prinsipinin әsas ideyasını 1763 ildә holland mühәndisi A.Makari vermişdir. 19 әsrdә V.Otis (ABŞ) düz kürәyi yaratdıqdan sonra ekskavatorun yeni konstruksiyasında Ə.-k. tәtbiqini tapmışdır. Mexaniki vә hidravlik Ə.-k.-lәr olur. Mexaniki Ə.-k.-lәr, әsasәn, kanat sistemi ilә yerini dәyişәn işlәk orqanlardır. Ekskavatorun çalovu qolun (oxun) yuxarı ucuna oynaqla birlәşdirilmiş dәstәyә dartqılarla bәrkidilir. İş prosesi zamanı platformaya oynaqla bәrkidilәn qolun әyilmә bucağı fasilәsiz olaraq dәyişir. Qolun enmәsi zamanı çalovun dişlәri qazma dibinә enir, çalov kanatlar vasitәsilә ekskavatora tәrәf dartılan zaman isә süxur qopardılır. Süxur dolu çalov dartılaraq qazma dibindәn qaldırılır, sonra boşaldılma yerinә döndәrilir. Çalovu dәstәklә birlikdә qola nәzәrәn döndәrәrәk süxurlar boşaldılır. Tikinti vә karyerlәrdә mexaniki Ə.-k.-lәr daha yaxşı kinematik vә kütlә xarakteristikaları olan hidravlik Ə.-k.-lәrlә әvәz edilir. Hidravlik Ə.-k.-lәr mexaniki Ə.-k.-lәrdә olan әsas elementlәrdәn vә hәmçinin qaldırıcı kanatı saxlayan әlavә dayaqdan ibarәtdir. Qolun qaldırılması, dәstәyin vә çalovun döndәrilmәsi hidrosilindrlәr vasitәsilә yerinә yetirilir. Hidrosilindrin kömәyi ilә çalovun dәstәyә nәzәrәn әyilmә bucağını dәyişmәk imkanı çalovun doldurulma dәrәcәsini yaxşılaşdırır, boşaldılma sürәtini artırır. Bu, hidravlik Ə.-k.-lәrin mexaniki Ə.-k.-lәrә nisbәtәn әsas üstünlüklәrindәn biridir.
Hidravlik әks-kürәkli ekskavator. Almaniya.