ƏKS-RABİTƏ, әks-әlaqә – hәr hansı prosesin nәticәlәrinin, onun müxtәlif tәbiәtli sistemlәrdә gedişinә әks tәsiri, yaxud idarәolunan prosesin idarәedici orqana göstәrdiyi tәsir. Ə.-r. xarici dövrә vasitәsilә, yaxud da sistemin daxili qurğuları hesabına yerinә yetirilir. Ə.-r. termini fiziki, kimyәvi, bioloji, informasiya, iqtisadi, sosioloji vә s. sistemlәrdә effektlәri tәsvir etmәk üçün geniş istifadә edilir; kibernetikada, xüsusilә dә avtomatik idarәetmә nәzәriyyәsindә әsas rol oynayır. Ə.-r.-dә idarәedici tәsirlәr idarәolunan kәmiyyәtlәrin öz qiymәtlәrinә әsaslanır. Avtomatik idarәetmә sistemlәri (AİS) çox vaxt Ə.-r.-li sistem adlanır, çünki qapalı AİS-dә giriş kәmiyyәti ilә çıxış tәnzimlәmә kәmiyyәti arasında әlaqә olduğu kimi, çıxış ilә giriş siqnalı arasında da Ə.-r. mövcuddur. AİS-dә Ə.-r. tәnzimlәmә kәmiyyәtinin dәyişmәsini bildirәrәk obyektin girişindәki idarәedici siqnala tәsir göstәrir vә çıxış kәmiyyәtinin stabil tapşırıq qiymәtini bәrpa edir.
“Ə.-r.” termini ilk dәfә radiotexnikada meydana gәlmişdir; elektrik rәqslәrinin lampalı güclәndiricisindә anod dövrәsinin güclәndirici lampanın tor dövrәsinә elektrik tәsirini ifadә edirdi. Əgәr anod dövrәsindә cәrәyanın dәyişmәsi tor dövrәsinә bu dövrәdә cәrәyanın dәyişdiyi faza ilә verilirsә, güclәndirmә artır (müsbәt Ə.-r.). Kifayәt qәdәr böyük müsbәt Ə.-r. halında sistemin әvvәllәr dayanıqlı olan xarakteristikaları dәyişәn kәmiyyәtlәr xarakteri alır – avtorәqslәr yaranır. Əgәr anod dövrәsindә cәrәyanın dәyişmәsi tor dövrәsinә bu dövrәdәki cәrәyan dәyişmәsinә әks fazada verilәrsә, güclәndirmә azalır (mәnfi Ə.-r.), lakin güclәndiricinin xarici tәsirlәrә dayanıqlığı artır.
Müsbәt Ə.-r.-li sistemә әn sadә misal sәsucaldanlı güclәndiricidir; onun sәs siqnalı güclәndiricinin girişinә qoşulmuş mikrofona tәsir edir. Blokinq-generatorların, multivibratorların, sinusiodal rәqslәr generatorlarının vә s. işi müsbәt Ə.-r.-dәn istifadәyә әsaslanır. Optikada optik rezonatorlar vasitәsilә yaradılan müsbәt Ə.-r. lazerlәrdә şüalanmanın generasiyası vә güclәndirilmәsi, tezliyin rezonatordaxili çevrilmәsi, o cümlәdәn işığın parametrik generasiyası üçün istifadә olunur. Mәnfi Ə.-r.-li qurğulara müxtәlif avtomatik tәnzimlәmә sistemlәri misal ola bilәr. Belә ki, mexaniki mәnfi Ə.-r. buxar maşını valının fırlanma sürәtini stabillәşdirmәk üçün tәtbiq edilәn Uatt mәrkәzdәnqaçma tәnzimlәyicisinin kömәyilә yaradılır. Elektrik mәnfi Ə.-r.-si gәrginlik stabillәşdiricilәrindә vә radioqәbuledicilәrdә güclәndirmәni avtomatik tәnzimlәyәn sistemlәrdә işlәdilir.
Sistemin girişinә qayıdan siqnal onun çıxışındakı siqnala mütәnasib dәyişirsә, Ə.-r. xәtti Ə.-r., әgәr sistemin girişinә qayıdan siqnal daha mürәkkәb, qeyri-xәtti qanunla dәyişirsә qeyri-xәtti Ə.-r. adlanır.
Əgәr Ə.-r. dövrәsindә siqnal sistemin girişinә ani olaraq qayıdarsa, buna әtalәtsiz Ə.-r. deyilir. Lakin Ə.-r. çox vaxt әtalәtlidir; Ə.-r. dövrәsi ilә siqnal müәyyәn gecikmә ilә gәlir. Radioelektronikada bu halda “lәngiyәn Ə.-r.” terminindәn istifadә olunur. Ə.-r.-nin әtalәtliliyi çıxış siqnalının dәyişmә sürәtinә tәsir edir.