ƏQD – mülki hüquq münasibәtlәrinin müәyyәn olunmasına, dәyişdirilmәsinә vә ya xitamına yönәldilmiş birtәrәfli, ikitәrәfli vә ya çoxtәrәfli iradә ifadәsi. Əqdin daha geniş yayılmış forması müqavilәdir (ikitәrәfli, yaxud çoxtәrәfli Ə.). Lakin birtәrәfli, bir şәxsin iradәsini ifadә edәn Ə. dә ola bilәr (mәs., vәsiyyәtnamә). Ə. şifahi vә yazılı formada (sadә, yaxud notarial qaydada) bağlana bilәr. Bağlanılan zaman icra edilәn Ə. (qanunda digәr hal nәzәrdә tutulmayıbsa) şifahi formada olur (mәs., mağazadan nağd pulla nә isә almaq). Dövlәt, özәl vә ictimai tәşkilatların öz aralarında vә onların vәtәndaşlarla bağladıqları Ə.-lәr üçün mütlәq yazılı forma nәzәrdә tutulur. Qanunda göstәrilәn hallarda Ə.-lәr notariatda tәsdiq edilmәlidir (mәs., yaşayış evinin alqı-satqı müqavilәsi). Ə.-lәrin notarial qaydada tәsdiq edilmәsindәn әsassız boyun qaçıran tәrәf Ə.-lәrin bağlanmasının lәngidilmәsi nәticәsindә vurulan zәrәrin әvәzini digәr tәrәfә ödәmәlidir. Ə.-lәrdәn irәli gәlәn hüquqların dövlәt qeydiyyatına alınması tәlәbinә riayәt edilmәmәsi onun etibarsızlığına sәbәb olur (Azәrb. Resp.-nın Mülki Mәcәllәsi, maddә 324-336).