ENEOLİT (lat. aeneus – mis + yun. λίθος – daş) – Mis-daş dövrü, Neolitdәn Tunc dövrünә keçid dövrü; bәzәn Xalkolit (yun. χαλκός – mis) dövrü dә adlanır. Hәr iki termin misin meydana gәlmәsini göstәrir. Qәdim mis әşyaları vә mis filizi parçaları Ön Asiyanın erkәn әkinçilik mәskәnlәrindә (e.ә. 8–5-ci minilliklәr) aşkarlanmışdır. E.ә. 4-cü minillikdәn mis vә tunc alәtlәr daş alәtlәri sıxışdırıb istifadәdәn çıxarmışdı.
Mis alәtlәrin meydana gәlmәsinin әhәmiyyәti böyük olmuşdur. Әvvәlcә misi daşın növlәrindәn biri hesab edәn ibtidai insanlar ilk dәfә metal alәtlәri mis külçәsindәn döymә üsulu ilә almışlar; tәdricәn misi istidә yumşaldıb istәnilәn formaya sala bilmişlәr. Cәmiyyәt tarixindә E. dövrü mühüm iqtisadi-ictimai mәrhәlә tәşkil edir. Toxa әkinçiliyinin başqa tәsәrrüfat növlәrindәn üstünlüyü, inşaatda çiy kәrpicdәn istifadә, gildәn hazırlanan qadın fiqurlarının, boyalı qabların çox yayılması vә mis әşyalarla yanaşı, daş alәtlәrdәn geniş istifadә E. dövrünün sәciyyәvi cәhәtlәridir. Orta Asiyada Anau vә Namaz qatәpә, Ukraynada Tripolye tipli, Gürcüstanda Şulaveri, Aruxlo vә s. abidәlәr E.-ә aiddir. Azәrb.-da E. dövrü abidәlәri Naxçıvan әrazisindә, Mil-Muğan vә Gәncә–Qazax düzәnliyindә aşkar edilmişdir. Bu abidәlәr (Kültәpә, Şomutәpә, Töyrәtәpә, Qarğalar tәpәsi, İlan tәpәlәri, Kamiltәpә, Әlikömәk tәpәsi vә s.) әhalisi әsasәn әkinçiliklә mәşğul olan yaşayış yerlәridir; arxeoloji qazıntılar E. dövründә Azәrb.-da әhalinin ilk dәfә mәişәt vә tәsәrrüfatda çiy kәrpicdәn istifadә etdiyini göstәrir; evlәr dairәvi planlı idi. Qazıntı zamanı tapılmış arpa, buğda qalıqları, dәn daşları, sümükdәn vә buynuzdan toxalar, daşdan oraq dişlәri vә s. әkinçiliyin inkişafına sübutudur. Oraqların dәstәsi ağacdan vә ya heyvanın çәnә sümüyündәn düzәldilirdi. Әhali maldarlıqla da mәşğul olmuşdur. Bunu tapılmış heyvan (öküz, inәk, qoyun, keçi, donuz vә s.) sümüklәri tәsdiqlәyir. Mәişәtdә vә tәsәrrüfatda daş alәtlәr üstünlük tәşkil etmiş, daşdan cilalı baltalar, çaxmaq vә ya obisidiandan (d ә v ә g ö z ü) kәsici alәtlәr (bıçaq, kәsәr, qaşov) düzәldilmişdir. Bu alәtlәrlә sümükdәn biz, iynә, qaşıq, bәzәk әşyaları vә s. hazırlayırdılar. Mәişәtdә saxsı qablardan da geniş istifadә olunmuşdur. Qablar qulpsuz idi. Lakin qulplu qablara da (Әlikömәk tәpәsindә) tәsadüf edilmişdir. Qabların üzәrindә (boya ilә çәkilmiş vә yanma üsulla) naxışlar vardır. Naxçıvan yaxınlığında Kültәpә,Qazax r-nunda Qarğalar tәpәsi vә Әlikömәk tәpәsi yaşayış yerlәrindәn mis әşyalar tapılmışdır.
Енеолит дюврцнцн керамика мямулатлары. Ы Кцлтяпя: 1, 2, 4 – чялляк типли эил габлар; 3, 5 – кцпя типли габлар; 6–12 – бойалы эил габлар.