ÉNGELBREKT ÉNGELBREKTSON (tәqr. 1390, Vestmanland – 4.5.1436, Elmaren gölündәki ada) – İsveçdә orta әsrdә әn böyük xalq üsyanının (1434–36) rәhbәri. İsveç xalq qәhrәmanı. Üsyan Danimarka
krallarının İsveçdә yürütdüyü siyasәtә, faktiki olaraq Kalmar uniyasına (1397–1523) qarşı yönәlmişdi. Üsyanda kәndlilәr, şaxtaçılar, xırda zadәganlar da iştirak edirdilәr. Üsyançılar ölkәnin çox hissәsini Danimarka qarnizonlarından tәmizlәmәyә vә kral Pomeraniyalı Eriki devirmәyә nail olmuşdular. Onların tәzyiqi ilә 1435 ilin yanvarında zadәgan vә ruhanilәrlә yanaşı, şәhәrlәrin vә ehtimal ki, kәnd icmalarının nümayәndәlәrinin dә iştirakı ilә Arbuqa ş.-ndә dövlәt şurasının (riksrod) geniş iclası keçirildi (şәrti olaraq ilk İsveç riksdaqı hesab olunur). E.E. “dövlәt rәhbәri” (rikshövitsman) elan edildi. Lakin öz mövqelәrini möhkәmlәndirmәk üçün üsyana qoşulan vә rәhbәrliyi әlә keçirәn әyanlar E.E.-u hakimiyyәtdәn kәnarlaşdırdılar. E.E. 1436 ildә xalqı yenidәn ayağa qaldırsa da, zadәganlar tәrәfindәn xaincәsinә öldürüldü; üsyan isә yatırıldı.