ƏLAMEYN – Misirin şm.-ında, İsgәndәriyyәdәn 104 km q.-dә yaşayış mәntәqәsi. İkinci dünya müharibәsi (1939–45) zamanı 8-ci Britaniya ordusu (gen. B. Montqomerinin komandanlığı ilә) 1942 il 23 oktyabr– 4 noyabr tarixlәrindә Ə.-dәn q.-dә “Afrika” adlı alman-italyan tank qoşunlarına (gen.-feldmarşal E. Rommelin komandanlığı ilә) qarşı hücum әmәliyyatı keçirmişdir. Rommelin qoşunları Ə.-dәn 60 km q.-dә möhkәmlәndirilmiş istehkamlarda müdafiә olunurdular. “Afrika” tank qoşunları (12 diviziya, o cümlәdәn 2 motorlaşdırılmış, 4 tank diviziyaları vә 1 briqada) 80 min әsgәr, 540 tank, 1219 top, 350 tәyyarәdәn; 8ci Britaniya ordusu (10 diviziya, o cümlәdәn 3 tank diviziyası vә 4 briqada) 230 min әsgәr, 1440 tank, 2311 top, 1500 tәyyarәdәn ibarәt idi. Oktyabrın 23-dә axşam hücuma keçәn Britaniya ordusu 9 km-lik mәsafәdә müdafiә xәtti yardı. Oktyabrın 27-dәk Britaniya ordusu yalnız 7 km irәlilәyә bildi, bundan sonra hücum dayandırıldı. Noyabrın 2-dә Britaniya ordusu gәmi artilleriyasının vә aviasiyanın dәstәyi ilә yenidәn hücuma keçdi vә 5 km irәlilәdi. Noyabrın 4-dә q. vә c.-q. istiqamәtindәn alman-italyan qoşunlarının mühasirәyә düşmәk tәhlükәsini görәn Rommel Liviyaya çәkildi. Ə. yaxınlığında qәlәbә Şimali Afrika әmәliyyatları (1940–43) gedişindә müttәfiqlәrin xeyrinә dönüş nöqtәsi idi. Alman-italyan ordusu 55 min әsgәr, 320 tank vә 1000-ә yaxın silah itirәrәk, hücum planlarından imtina etmәyә mәcbur oldu.