ƏLCƏZAİR–LİVİYA NEFTLİ-QAZLI HÖVZƏSİ – Sah. tәqr. 1100 km2 (90%-indәn çoxu Əlcәzairdә yerlәşir). Çıxarıla bilәn ilkin neft ehtiyatı 1,3 mlrd. t, kondensat 0,4 mlrd. t, qaz 3,2 mlrd. m3-dir. İlk yataqlar (Hassi-Mesaud, Əcәlә, Tigenturin) 1956 ildә kәşf olunmuşdur. Hasilat 1958 ildәn aparılır. 2002 ildә 226 yataq (131 neft, 14 neft-qaz vә 81 qaz) aşkar edilmişdi. İri yataqları Hassi-Rmel (qaz) vә Hassi-Mesauddur (neft); Afrika platformasının Böyük Sәhra–Liviya plitәsindә formalaşmışdır. Paleozoy vә Mezozoyun 660–3920 m dәrinlikdә yatan süxurları (Kembri-Ordovik yaşlı kvarsitlәr, Silur-Devon yaşlı qumdaşılar, әhәngdaşılar vә dolomitlәr, Alt Daş kömür vә Trias yaşlı qum daşılar) mәhsuldardır. Yataqlar laylı-tağlıdır, litoloji vә tektonik cәhәtdәn ekranlaşmışlar. Əsas neft ehtiyatları Paleozoy, qaz ehtiyatları isә Mezozoy çöküntülәri ilә әlaqәdardır. 70 yataq (55 neft vә 15 qaz) istismar olunur. Neftin sıxlığı 780–850 kq/m3-dir. Qaz, әsasәn, qurudur. Başlıca hasilat mәrkәzlәri: Hassi-Mesaud, Hassi-Rmel, İn-Amenas. Neft kәmәrlәrlә Tunisә, qaz isә İtaliyaya ixrac olunur.