ƏLƏKBƏROV Əlәsgәr Kazım oğlu (1895, Bakı – 1938) – Azәrb. arxeoloqu vә etnoqrafı. ADU-nun tarix-filologiya fakültәsinin Şәrq şöbәsini bitirmiş (1926), hәlә tәlәbә ikәn İ.İ.Meşşaninovun başçılığı ilә arxeoloji vә etnoqrafik ekspedisiyalarda fәaliyyәt göstәrmişdir. 1927 ildәn bir neçә ekspedisiyanın rәhbәri olmuşdur. Azәrbaycanı Tәdqiq vә Tәtәbbö Cәmiyyәtinin (1926–28 illәrdә cәmiyyәtin sәdri idi) vә Azәrbaycan Arxeoloji Komitәsinin işlәrindә fәallıq göstәrmişdir. SSRİ EA Azәrb. filialının Tarix İn-tunda (1929–37) işlәmiş, 1933–37 illәrdә hәmin in-tun “Maddi mәdәniyyәt tarixi” bölmәsinә rәhbәrlik etmişdir. Ə. Naxçıvanda, MilQarabağda arxeoloji qazıntılarda, müxtәlif etnoqrafik ekspedisiyalarda tәdqiqat aparmışdır. O, Örәnqala qazıntılarının ilk tәşkilatçılarından biridir. Azәrb. arxeologiyasında küp qәbirlәri mәdәniyyәtinin öyrәnilmәsi Ə.-un adı ilә bağlıdır; bu mövzuda 2-ci Beynәlxalq İran incәsәnәti konqresindә (Moskva, 1935) çıxış etmişdir. 1936 ildә Ə. dissertasiya müdafiә etmәdәn etnoqrafiya bölmәsi üzrә ictimai elmlәr namizәdi elmi dәrәcәsi almışdır. Ayrımlar, talışlar vә Azәrb.-da yaşayan kürdlәrin mәişәt, tәsәrrüfat vә maddi mәdәniyyәti mәsәlәlәrini araşdıran Ə. Azәrb.-ın ilk etnoqrafik xәritәsinin (xәritәdә 5 mindәn artıq yaşayış yeri var) tәrtibçisidir. “Sovetskaya etnoqrafiya” jurnalı redaksiya heyәtinin üzvü olmuş, 1937 ilin әvvәlindә işdәn çıxarılaraq, dekabrın 30-da hәbsә alınmış, әks-inqilabi fәaliyyәtdә ittiham edilәrәk, 8 il müddәtinә islah-әmәk düşәrgәsinә göndәrilmişdir. Xalq Daxili İşlәr Komissarlığında işgәncәlәrә mәruz qalan Ə. hәbsxanada vәrәm xәstәliyindәn vәfat etmişdir. 1956 ildә bәraәt almışdır.
Əsәri: Исследования по археологии и этнографии Азербайджана. Б., 1960.