ƏLƏKBƏROV Əvәz Əkbәr oğlu (d.23.7.1952, Erm. SSR, Krasnoselsk r-nunun Cil k.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2008). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu bitirmişdir (1973). Azәrb. Kәnd Tikinti Nazirliyinin “Azәrkәndquraşdırmatikinti” Trestindә (1975–81), Azәrb. SSR Nazirlәr Sovetindә (1981–91) müxtәlif vәzifәlәrdә işlәmiş, SSRİ Pensiya Fondunun Azәrb. SSR bölmәsinin müdiri (1991), Azәrb. Resp. Pensiya Fondunun idarә heyәtinin sәdri (1991–92), Azәrb. Resp. Dövlәt Sosial Müdafiә Fondunun sәdri (1992–99), Azәrb. Resp.-nın maliyyә naziri (1999–2006) olmuşdur. Tәdqiqatları maliyyә-büdcә sistemi, sosial sığortanın inkişafı problemlәrinә hәsr edilmişdir. Ə. ilk sığorta qanununun müәlliflәrindәn biridir. 40-dan çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Bir sıra beynәlxalq konfrans vә simpoziumların iştirakçısıdır.
Ə s ә r l ә r i: Azәrbaycan dövlәtinin sosial-iqtisadi inkişafında vahid büdcә sisteminin rolu. B., 2005; Sosial-iqtisadi inkişafın maliyyә-büdcә parametrlәrinin tәnzimlәnmәsi. B., 2007.