ƏLƏVİLİK (әr. – Əliyә mәnsub sözündәn) – islam dininә әsaslanan sinkretik dini inanc sistemi. Bәzәn şiәliyin bir qolu adlandırılsa da, әlәvilәr özlәrini ortodoks şiәlәrdәn ayırır, Ə.-i mәzhәb kimi deyil, tәriqәt, daha doğrusu, dünya dini kimi sәciyyәlәndirirlәr. İlk islam dövrlәrindә Əli ibn Əbu Talibin soyundan gәlәnlәr vә onun tәrәfdarları әlәvilәr adlanırdı. Müasir Türkiyә әlәvilәri üçün bu ad, әsasәn, 19 әsrin sonlarından istifadә olunmağa başlamış, hәmin dövrәdәk әlәvi toplumları “qızılbaş” vә ya “bәktaşi” adlanmışdır. Qızılbaş adı müxtәlif mәnbәlәrdә Əlinin döyüşlәrdә taxdığı qırmızı tac, islamdan qabaqkı türk şamanların qırmızı baş geyimi, Şeyx Heydәrin öz ardıcılları üçün hazırlatdığı 12 zolaqlı qırmızı baş geyimi, Şah İsmayılın II Bәyazid zamanında Anadoludan Suriyaya keçirdiyi әsgәrlәrin başlarındakı qırmızı tәkkәlәr ilә әlaqәlәndirilir, yaxud Ə. mühәmmirәdәn (qırmızıgeyimli hәrәkatların ümumi adı) olan xürrәmiliyin davamı (Ə.Gölpınarlıya görә) hesab olunur. İnanc vә ayinlәr sistemindәki bәnzәrliklәrinә görә çox vaxt Ə.-lә eynilәşdirilәn әhli-hәqq onun Azәrb. vә İran qolu kimi xarakterizә edilir.
Ə.-in köklәri 10 әsrdәn islamı qәbul etmәyә başlamış Orta Asiya (xüsusilә Xorasan) türklәrinә (türkmanlar, yәni müsәlman olmuş oğuzlara) gedib çıxır. Əmәvilәrin zülm vә tәqibindәn qaçan әksәr әhli-beyt tәrәfdarlarının İrana, oradan isә Orta Asiyaya yerlәşmәsi Əli kultunun Ərәbistandan Orta Asiyaya keçidini tәmin etmişdi. Əmәvilәrin islam modeli nәticәsindә Orta Asiyada tәqr. 300 il tәxirә düşәn islamlaşma prosesi Xorasanın dini-mistik cәrәyanlarına daha yaxın olan, әsasәn әhli-beyt yönümlü sufi dәrvişlәrin fәaliyyәtlәri sayәsindә gerçәklәşmişdi. Mәrkәzi әrәb hakimiyyәtinin formal islam modelindәn fәrqlәnәn vә türkmanların keçmiş dini-mistik әnәnәlәri (Göy Tanrı kultu, tәbiәt kultları, әcdada sitayiş vә s.) ilә sәslәşәrәk daha çox “xalq islamı” kimi tәzahür edәn islam әnәnәsi türkmanların Anadolu Sәlcuqilәri dövründә Anadoluya köç etmәlәri ilә buraya yayılmışdı. Müasir anlamda Ə. 13 әsrdә Anadoludakı etnik, dini vә sosial sintez nәticәsindә ortaya çıxmağa başlamış, 16 әsrdә Sәfәvilәrin himayәsi ilә inkişaf edib formalaşmışdır. Köçәri türkmanlar vәfai, qәlәndәri, heydәri ocaqları әtrafında mәrkәzlәşir, әxilik, hürufilik kimi axınların içәrisindә mәnәvi vә ideoloji cәhәtdәn yetişirdilәr. Xorasan әrәnlәrindәn Hacı Bәktaş Vәli, Tapdıq Əmrә, Abdal Musa, Sultan Şücaәddin Vәli vә b.nın Anadoluya köçmәlәri mәrkәzlәşmәni sürәtlәndirmişdi. Qısa müddәtdә bütün Anadoluda nüfuz sahibi olmuş Hacı Bәktaş (1208–70) batini tәriqәtlәri öz әtrafında birlәşdirmiş vә tәşkilatlandırmışdı. Hacı Bәktaşın yaxın dostu olmuş Əxi Evrәn vә Baba İlyasın müridi sayılan Şeyx Ədәbalı vasitәsilә batini axın Osmanlı dövlәtinin ilkin köklәrinә bağlanmış, әxilәr (xüsusilә Şeyx Ədәbalı) Osmanlı dövlәtinin qurulmasında mühüm rol oynamışdı. Sultan I Orxanın Abdal Musa, әslәn azәrb. olmuş Geyikli Baba kimi әlәvi dәrvişlәri döyüşlәr zamanı yanında saxladığı qeyd olunur.
Qızılbaşların köçәri hәyatı onların inanc vә ayinlәr sisteminin, әsasәn, şifahi şәkildә formalaşıb yayılmasına yol açırdı. Yazılı mәnbәlәr isә vilayәtnamәlәr, buyruqlar, nәfәslәr, fütüvvәtnamәlәr, әrkannamәlәr, mәrifәtnamәlәr, tәrcümanlar vә mәnaqibnamәlәrdәn ibarәt idi (mәs., “Mәnaqibül-qüdsiyyә”, 14 әsrin sonu; “Mәnaqibi-Hacı Bәktaş Vәli”, 15 әsrin sonu; “Saltuknamә”, 1480). 15 әsrin 2-ci yarısından etibarәn Sәfәvilәrin tәsiri, xüsusilә Şeyx Cüneydin Anadoluya gedәrәk orada tәbliğat aparması nәticәsindә qızılbaşlıq (indiki Ə.) formalaşdı (Ə. tarixindә birinci dönüş mәrhәlәsi). 13 әsrdәn batini yönümlü sinkretik dini inanc sisteminә malik köçәri türkmanlar arasında yayılan xalq islamı 16 әsrdә әsaslı şәkildә şiәlik elementlәrini mәnimsәyәrәk, mәrkәzindә Əli fenomeninin dayandığı ardıcıl tәsәvvüf sisteminә çevrildi; dәrgahlar qanunilәşdirildi vә dövlәt tәrәfindәn dәstәklәndi. Qızılbaşlığın inanc vә ayinlәr sisteminin, dini-sosial strukturunun konkretlәşmәsi prosesi Şah İsmayılla tamamlandı vә bu әnәnә 20 әsrin sonlarınadәk әsaslı dәyişikliyә mәruz qalmadan davam etdi.
15–16 әsrlәrdә qızılbaşlar Şeyx Cüneyd, Şeyx Heydәr vә Şah İsmayılın tәrәfdarları olan türkman boyları idi. Qızılbaşlar әvvәlcә şamlı, rumlu, ustaclı, tәkәli, әfşar, qacar, zülqәdәr, varsaq, qaradağlı, sonralar isә bayat, qaramanlı, baharlı, alpaut, әrәşli, qazaxlı vә s. tayfaları birlәşdirirdi. Qızılbaşların yuxarı tәbәqәsi hәrbi-köçәri tayfa әyanlarından, aşağı tәbәqәsi isә sıravi köçәrilәrdәn ibarәt idi. 15 әsrin 2-ci yarısından Şeyx Cüneyd vә Şeyx Heydәrin hәrbi dәstәlәrini tәşkil edәn qızılbaşlar 1501 ildә Şah İsmayılın rәhbәrliyi ilә Sәfәvilәr dövlәtini yaratmışdılar. 16 әsrdә onlar Sәfәvilәr dövlәtindә hakim mövqe tuturdular (Sәfәvilәr dövlәtinin hәm dә “Qızılbaş dövlәti” adlanması bununla әlaqәdardır). Osmanlı dövlәti öz әrazisindә istәr siyasi, istәrsә dә ideoloji cәhәtdәn qәbul edә bilmәdiyi qızılbaşları daim tәqibә mәruz qoyurdu. Anadolu köçәri türkmanlarının hakim elita tәrәfindәn aşağılanması, müftilәrin qızılbaşların kafir olması vә onların qәtlinin halallığı barәdә fәtvaları, qızılbaş üsyanları (mәs., Şahqulu üsyanı, 1511; Nur Əli üsyanı, 1512; Bozoklu Cәlal üsyanı, 1520; Baba Zünnun üsyanları, 1526; Qәlәndәroğlu qiyamı, 1527 vә s.), Osmanlı sultanlarının qızılbaşlara qarşı hәyata keçirdiyi sürgün vә qırğınlar onlarla dövlәt arasında ziddiyyәti daha da artırmışdı. Müәyyәn sosial-siyasi sәbәblәrә görә Osmanlı hakimiyyәtinin türkmanları Rumeliyә köçürmәsi batini axınların Balkanlara da yayılmasına vә müasir balkan әlәvilәrinin formalaşmasına sәbәb olmuşdu. Əsası xalqın ruhi-mәnәvi durumuna yaxın tәsәvvüf yönümlü on iki imam inancı ilә qoyulan Sәvәfilәr dövlәtinin getdikcә ortodoksal şiә dövlәtinә çevrilmәsi, I Abbasın dövründә dövlәtdә qızılbaşların mövqeyinin zәiflәmәsi, 1736 ildә isә Sәfәvilәrin süqutu qızılbaşların dayaqsız qalmasına, üstәlik Anadolu qızılbaşlarının Osmanlı dövlәti vә hakim sosial zümrә ilә ziddiyyәtlәri üzündәn cәmiyyәtdәn tәcrid olaraq әlçatmaz mәkanlara sığınmasına gәtirib çıxarmışdı. II Mahmudun 1826 ildә Yeniçәri korpusunu lәğv etmәsi ilә 19 әsrәdәk dövlәt tәrәfindәn qismәn qәbul olunan bәktaşilәrin dә nüfuzuna son qoyulmuşdu. Azәrb. qızılbaşlarının bir hissәsi isә Nadir şahın 1738 il Hindistan yürüşü zamanı Əfqanıstana köçürülmüşdü. Hazırda әksәriyyәti dәri, bir qismi (әfşarlar) isә Azәrb. dilindә danışan Əfqanıstan qızılbaşlarının sayı tәqr. 300 minә yaxın göstәrilir. Osmanlı dövlәtindә uzun zaman alçaldıcı mәzmun kәsb edәrәk tәhqir kimi işlәnmiş “qızılbaş” adı 19 әsrin sonlarından tәdricәn “әlәvi” adı ilә әvәz olunmağa başlamış, 20 әsrin 2-ci yarısında bu әvәzlәnmә başa çatmışdır.
Əsasәn kәndlәrdә mәskunlaşmış Türkiyә әlәvilәrinin modern dünyanın tәlәblәrinә cavab vermәyәn hәyatında 1960-cı illәrdәn etibarәn sürәtlә şәhәrlәşmә vә müasir hәyata inteqrasiya müşahidә olunur (Ə. tarixindә ikinci dönüş mәrhәlәsi) ki, bu da Ə.-in daxili sosial nizamının getdikcә pozulmasına vә dünyәvilәşmәsinә aparıb çıxarır. Ayrı-ayrı qrupların müasir sosial-siyasi hәyatda mövqeyi problemi Ə.-in әnәnәvi ruhi-mәnәvi mühitinin müәyyәn dәrәcәdә ictimai vә siyasi davamlılıq ideyası ilә әvәzlәnmәsinә, qrup daxilindә identiklik şәrtlәrinin dәyişmәsinә sәbәb olur. Ə.-in әsasәn qapalı sosial strukturu “fәrdi Ə.”-lә әvәzlәnir. Ən son hadisәlәr nәticәsindә әlәvilәrin kütlәvi şüurunda köklü dәyişikliklәr baş verir, әnәnәvi obraz (mәs., Əli ibn Əbu Talib, Hacı Bәktaş) vә hadisәlәr (mәs., Kәrbәla faciәsi) öz mәnәvi qüvvәsini itirәrәk, daha çox mücәrrәd-simvolik anlam qazanır, yaxud müasir әlәvi yaddaşını tәkrar formalaşdıran yeni obraz (mәs., ilk gündәn әlәvilәrin dәstәklәdiyi M.K.Atatürk) vә hadisәlәrin (Dersim hadisәlәri, Sivas qәtliamı vә s.) qabardılmasına xidmәt edir. Dünyәvi-kamalist Ə., türkçü Ə., kürdçü Ə., cәfәri Ə. anlayışları altında müxtәlif tәmayüllәr meydana gәlmişdir. Türkiyәnin kәnd әlәvilәri klassik Ə.-in daşıyıcılarıdır. Müәyyәn dәrәcәdә klassik mәzmunundan uzaqlaşmış şәhәr Ə.-i hazırda Türkiyәdә öz varlığını qoruyub saxlamağa vә ictimaisiyasi mövqeyini möhkәmlәndirmәyә yönәlmiş tәşkilati sistemdir. Etnik tәrkibi әsasәn türklәr, zazalar vә kürdlәrdәn ibarәt әlәvilәr kompakt şәkildә Sivas, Tunceli, Ərzincan, Tokat, Çorum, Kahramanmaraş, Bingöl, Amasya, Ərzurum, Malatya vә s. yerlәrdә yaşayırlar. Balkan yarımadası ölkәlәrindә dә әlәvilәr var.
Ə.-in әsasını Haqq–Mәhәmmәd–Əli üçlüyü tәşkil edir. Vәhdәti-vücud, Allahın insanda manifestasiyası ideyası mәrkәzi yerә malikdir. Humanizm vә dözümlülük mövqeyindәn çıxış edәn Ə. tәliminin mәqsәdi din vә millәt çәrçivәsindәn azad, universal insan yetişdirmәkdir. Xorasan mәlamәtiliyә mәktәbindәn intişar tapan Əhmәd Yәsәvi tәrәfindәn sistemlәşdirilәn vә Hacı Bәktaş tәrәfindәn kanonlaşdırılan “dörd qapı, qırx mәqam” anlayışı әlәvi-bәktaşi tәliminin tәmәl prinsipidir. Əlәvilәrin әsas ibadәti olan cәm ayini cәm evlәrindә tәşkil olunur. Ə.-dә 3 günlük Xızır, 3 günlük “Mәsumu-pak” (pak mәsumlar), 1 günlük Fatma ana, 12 günlük Mәhәrrәm orucları var. Əli ibn Əbu Talibin doğum günü (Novruz bayramı günü), Xızır Nәbi bayramı, Abdal Musa şәnliklәri, Hacı Bәktaşın anım günü, Qurban vә Qәdiri-Xum bayramları qeyd edilir. Duazlar (12 imamın şәrәfinә oxunan dualar), nәfәslәr, türkülәr vә sәmah rәqslәri dua vә ibadәt olaraq mühüm yer tutur. Ə.-dә “yeddi ulu ozan” kimi tanınan Nәsimi, Füzuli, Şah İsmayıl Xәtai, Yәmini, Pir Sultan Abdal, Virani vә Qul Himmәt hәqiqi (batini) elmin daşıyıcıları vә carçıları kimi xüsusi çәkiyә malikdirlәr. Formalaşmasında Hacı Bәktaşın mәnәvi rәhbәrliyi mühüm rol oynadığından, buna görә dә eyni tәmәl üzәrindә qurulduğundan Ə., adәtәn, bәktaşiliklә eynilәşdirilsә dә, bu iki sistem arasında fәrqlәr var.
Əd.: Nağıyev S.F. Qızılbaşlıq haqqında. B., 1997; Asım N. Bektaşilik ilm-i hali, İstanbul, 2012; K a y a A. Ehl-i Haklar ve Dersim, İstanbul, 2014; Tuğrul Talip, Aleviliğin heteredoksi-senkretik yapısı ve modern dönem, Geçmişten günümüze Alevilik Uluslararası Sempozyumu, Bingöl Universitesi yayınları, 2014; Yıldırım R. Geleneksel alevilikden modern aleviliğe. Türk kültürü ve Hacı Bektaş Veli araştırma dergisi, 62, 2012.