ƏLİ CAVAN (27.12.1926, Tehran – 12.9.2016, Los-Anceles) – Amerika alimi, fizik, prof. (1964), ABŞ Milli EA-nın üzvü (1974). Azәrb. әsillidir. Tehran Un-tindә bir il (1947–48) tәhsil aldıqdan sonra ABŞ-a köçmüş (1948), burada Kolumbiya Un-tinin (Nyu-York) fizika-riyaziyyat fakültәsini bitirәrәk fәlsәfә doktoru (1954) elmi dәrәcәsi almışdır. “Bell-Telefon Laboratoriz” (Bell Telephone Laboratories, Nyu-Cersi) şirkәtindә laboratoriya rәhbәri olmuş (1958 ildәn), 1960 ildәn Massaçu sets Texnologiya İn-tunda fәaliyyәtini davam etdirmişdir. Ə.C. kvant elektronikası vә onun tәtbiqi, hәmçinin lazer spektroskopiyasına dair tәdqiqatlar aparmış, qeyri-xәtti spektroskopiyanın әsasını qoymuşdur. ABŞ alimlәri U.Bennet vә C.Erriotla birlikdә qazlazerinin tәklifini vermiş vә ilk helium-neon qaz lazerini ixtira etmişdir (1960). Ç.Taunsla birlikdә Maykelson–Morli tәcrübәsini tәkrarlamışdır. U.Bennet vә U.Lemblә birlikdә lazerin güclәnmә әyrisinin mәrkәzindә çıxış gücünün rezonans düşmәsi (“Lemb uçurumu”) hadisәsini kәşf etmişdir (1963). 1966 ildә lazerin mod kәsişmә effektlәrinin nәzәriyyәsini irәli sürmüş vә 1969 ildә bu effekti eksperimental olaraq müşahidә etmişdir. Lazer spektroskopiyası, işıq sürәtinin ölçülmәsi prosesinin öyrәnilmәsi, işıq rәqslәrinin mütlәq tezliyinin ölçülmәsi metodlarının işlәnib hazırlanması sahәsindә tәdqiqatlar aparmışdır. 30-dan artıq ABŞ patentinin müәllifidir. Ə.C.-ın işlәri telekommunikasiya sahәsindә yeni texnologiyaların inkişafında dönüş mәrhәlәsi olmuş, holoqrafiyanın tәtbiqini asanlaşdırmış vә kodlaşdırılmış UPC kontrol lerlәrindә lazerin istifadәsini mümkün etmişdir. Materialların emalı, informasiyanın ötürülmәsi vә saxlanılması, tibdә vә digәr sahәlәrdә istifadә olunan texniki qurğuların işi alimin kvant elektronikası sahәsindәki kәşfinә әsaslanır. “Frederik Ayvs medalı” (“Frederic İves Medal”, 1975), “Albert Eynşteyn mükafatı” (“Albert Einstein World Award of Science”, 1993), “Uillis Lemb mükafatı” (1998) vә s. almışdır.