ƏLİ QUŞÇİ (Ali Kuscu), Əli bin Mәhәmmәd әl-Quşçi (tәqr. 1403 – 16.12.1474, İstanbul)– astronom, Qazızadә Rumi vә Uluqbәyin tәlәbәsi, yaxın kömәkçisi. Orta Asiyada doğulmuşdur. Atası, Uluqbәyin ov quşlarına baxanların başçısı olmuşdur (“Quşçi” lәqәbi buradandır). Əvvәlcә Sәmәrqәnddә, sonra isә İranda tәhsil almışdır. Uluqbәyin qәtlindәn sonra Ə.Q. bir müddәt Ağqoyunlu hökmdarı Uzun Hәsәnin sarayında yaşamış vә Ağqoyunlularla Osmanlılar arasında sülh danışıqları aparmaq üçün Osmanlı hökmdarı II Mәhәmmәd Fatehin (1451–81) yanına göndәrilmişdir (“Мühәmmәdiyyә traktatı”nı ona hәsr etmişdir). Ə.Q. Sәmәrqәnd rәsәdxanasında ulduz kataloqunun tәrtibi ilә mәşğul olmuş vә “Uluqbәy cәdvәllәri” әsәrinin yaranmasına kömәk etmişdir. “Astronomiya traktatı”, “Hesab traktatı”, “Ayın sәfhәlәrinin aydınlaşması haqqında traktat” vә s. әsәrlәrin müәllifidir. “Müsbәt” vә “mәnfi” anlayışlarına ilk dәfә onun әsәrlәrindә rast gәlinir.