ƏLİ MUSTAFA, Gelibolulu Mustafa Əli Əfәndi ibn Əbdül mövla Çәlәbi (1541, Türkiyә, Gelibolu – 1600, Hicaz, Ciddә) – Osmanlı tarixçisi, şair vә yazıçısı. Mәdrәsә tәhsili almışdır. İlk әsәri olan “Mehrü Mah”ı (1561; “Günәş vә Ay”) şahzadә Sәlimә (bax II Sәlim) tәqdim etmiş vә bundan sonra onun divan katibi olmuşdur. Şahzadә Sәlimin lәlәsi Hüseyn bәylә aralarında yaranan münaqişәdәn sonra şahzadәnin keçmiş lәlәsi Mustafa paşanın dәvәti ilә divan katibi kimi Hәlәbә, sonra Şama getmiş, Mustafa paşanın Yәmәn sәrdarlığına tәyin edilmәsindәn sonra onunla birlikdә Misirә köçmüşdür. Lakin paşanın vәzifәdәn azad edilmәsindәn vә yazdığı mәktublarla bağlı tәqiblәrә mәruz qalmasından sonra Manisa sancaq bәyi şahzadә Murada (III Murad) sığınmış vә onun vasitәçiliyi ilә bağışlanılmışdı. Burada olarkәn daha әvvәl yazdığı “Mehrü Vәfa” (1563; “Mәhәbbәt vә vәfa”) vә “Nadirül-mәharib” (“Nadir döyüş”) әsәrlәrini Murada vermiş, onun әmrilә “Rahәtün-nüfus”u (“Canların rahatlığı”) genişlәndirәrәk türkcәyә çevirmişdir. Daha sonra İstanbula gedәrәk Sultan Süleymanın Macarıstan sәfәrindәn yazdığı “Hәft Mәclis” (“Yeddi mәclis”) әsәrini Sokullu Mustafa paşaya tәqdim etmiş, lakin yüksәk vәzifә ala bilmәmiş, yalnız Bosniya bәylәrbәyi Fәrhad paşanın divan katibliyi ilә kifayәtlәnmişdi. III Muradın sultan olmasından sonra İstanbula qayıtmış, bәzi qәsidәlәri ilә birlikdә “Zübdetüt tәvarix” (“Tarixin mәğzi”) әsәrini ona tәqdim etmiş, lakin qarşılığında yenә dә mәmur rütbәsi ala bilmәdiyindәn Bosniyaya dönmüşdür. Lәlә Mustafa paşa Gürcüstan vә Şirvan sәfәrinә sәrdar tәyin olunandan sonra (1578) onun divan katibliyinә başlamış, daha sonra Hәlәbdә xidmәt göstәrmişdir. Misirdә sancaq bәyi olmaq niyyәti ilә İstanbula gәlәn Ə.M. Gürcüstan vә Şirvan sәfәrindәn, hәmçinin Qars qalasının tikintisindәn danışan “Nüsrәtnamә” әsәrini vә “Camiül-bühur”u sultana bağışlamış, lakin sonda Hәlәbdәki xidmәtindәn dә azad olunmuşdu (1583). 1585 ildә Ərzurum xәzinә dәftәrxanasına, 6 aydan sonra Bağdad dәftәrxanasına, 1589 ildә Sivas dәftәrxanasına tәyinat almış, 1592 ildәn yeniçәri katibi olmuşdur. III Mehmedin hakimiyyәti zamanı Amasya sancaq bәyliyi vә Rum dәftәrxanasında, Şam bәylәrbәyiliyindә, son olaraq Ciddә sancaq bәyliyindә çalışmışdır. Ə.M. Gürcüstan sәfәrindәn bәhs edәn “Fürsәtnamә” әsәrini sәrdar Sinan paşanın әmrilә qәlәmә almışdır. Onun әn mәşhur vә irihәcmli әsәri 1591–99 illәrdә yazdığı 4 hissәdәn ibarәt “Künhül-әhbar”dır (“Tarixin mahiyyәti”). Kitabda kainatın yaradılışı, islamın meydana gәlmәsi, türk vә Böyük Moğolların tarixlәri, Osmanlı tarixi әksini tapmışdır. Ə.M.-nın son әsәri Misirin qәdim vә yeni tarixindәn bәhs edәn “Halatül-Qahirә minәl-adatizzahirә”dir (1599).
Ə.M. hәmçinin әxlaqi, dini, әdәbi-bәdii әsәrlәr (poema, hekayә, qәzәl, mәnsur şeir, risalә, qәsidә, tәzkirә, nәzirә, mәsnәvi, tәrkibbәnd, tәrcibәnd vә s.), 5 divan (dördü türkcә, biri farsca) müәllifidir. Şeirlәrini “Çeşmә”, “Əli” tәxәllüslәri ilә yazmışdır. Tәsәvvüfә dair “Riyazüs-salikin”, “Ravzatül-lәtaif” әsәrlәri var. 1585–91 illәrdә Kәrbәla faciәsi ilә bağlı yazdığı şeirlәrini vә Mәhәrrәm mәrsiyyәlәrini “Sübhatülabdal” (1593) toplusunda cәmlәşdirmişdir. Nizaminin “Sirlәr xәzinәsi”ndәn ilhamlanaraq “Töhfәtül-üşşaq” (“Aşiqlәrin töhfәsi”) әsәrini yazmışdır. Hafizin qәzәllәrinә, Ömәr Xәyyamın rübailәrinә nәzirәlәri var.