ƏLİ NƏZMİ (Əli Mәmmәdzadәnin tәxәllüsü; 1878, Yelizavetpol, indiki Gәncә yaxınlığındakı Sarov k. – 4.1.1946, Bakı) – Azәrb. şairi. 20 әsr realist Azәrb. әdәbiyyatının, “Molla Nәsrәddin” әdәbi mәktәbinin görkәmli nümayәndәlәrindәn vә M.Ə.Sabirin davamçılarındandır. “Kәndә ibtida” adlı ilk şeiri 1904 ildә “Şәrqirus” qәzetindә dәrc olunmuşdur. Şeir vә satiralarında ailә-mәişәt çәrçivәsini aşaraq, yaşadığı dövrün daha aktual problemlәrinә, cәmiyyәt hadisәlәrinә, ictimai dәyişikliklәrә münasibәt bildirmiş, müstәmlәkәçiliyә qarşı çıxıb, azadlıq ideyalarını tәbliğ etmişdir. Yeniliyә düşmәn kәsilәn cahillәrin ifşası, gerilik vә mürtәce adәtlәrin satira atәşinә tutulması Ə.N. yaradıcılığında ardıcıl vә müntәzәm davam etmişdir (“İstibdad”, “Qorxuram”, “Olacaqmı”, “Sizә nә”, “Ey füqәra”, “Od tutub odlandı vәtәn” vә s.). Azәrb. dilinin saflığının qorunması üçün mübarizә aparmışdır. Şairin İkinci dünya müharibәsi illәrindә yazdığı әsәrlәrin (“Hitlerin Allahla ittifaqı”, “Canavarın allaha etirazı”, “Vәtәnim” vә s.) içәrisindә gen.-m. H.Aslanov haqqında poeması xüsusi yer tutur. N.Gәncәvi, Ə.Firdovsi vә İ.Krılovdan tәrcümәlәri var.