ƏLİ PAŞA Mehmed Emin (15.3.1815, İstanbul – 7.9.1871, İstanbul) – Osmanlı dövlәt xadimi. Fransız dilini mükәmmәl bildiyinә görә Divani-Hümayunun (Sultan Şurasının) dәftәrxanasına qәbul edilmiş, “Əli” tәxәllüsü almış (1830), sonradan tәrcümә şöbәsinә köçürülmüşdür (1833). Divanın katibi (1834–35), Vyanada Osmanlı sәfirliyindә ikinci katib vә müşavir (1835), müvәkkil (1838) olmuşdur. 1839 ildәn “Tәnzimat”ın tәrәfdarı idi. 1840 ildә Osmanlı dövlәtinin müvәqqәti xarici işlәr naziri, 1841– 44 illәrdә Londonda sәfir işlәmiş, 1846 ildә yenidәn xarici işlәr naziri tәyin edilmişdi. 1852–71 illәrdә 5 dәfә böyük vәzir vә 7 dәfә xarici işlәr naziri olmuşdu. Ə.P. Krım müharibәsi (1853–56) zamanı Vyana müşavirәsindә iştirak etmiş, 1856 ildә Paris konfransında Türkiyә nümayәndә heyәtinin rәhbәri kimi sülh müqavilәsini imzalamışdı. Sultan Əbdülәziz hakimiyyәtә gәldikdәn sonra Ə.P. Osmanlı imperiyasının böyük vәziri (1867–71) olmuş, 1871 ildә London konfransında türk nümayәndә heyәtinә başçılıq etmişdi. Ə.P. İngiltәrә vә Fransa meyilli siyasәt yürütmüş, Rusiyaya qarşı әks mövqe tutmuşdur.
Ə.P. 1856 ildә hәmfikiri Fuad Paşa ilә birlikdә tarixdә “Xәtti-şәrif” (“Xәtti-hümayun”) kimi tanınan, yaşamaq, azadlıq vә mülkiyyәt toxunulmazlığı, dini vә milli bәrabәrlik hüquqlarına, hәmçinin hәrbi vә vergi islahatlarının hәyata keçirilmәsinә tәminat verәn islahatların müәlliflәrindәn biri olmuş, onun qәbul edilmәsindә vә hәyata keçirilmәsindә fәallıq göstәrmişdi. Ə.P. “Tәnzimat” hәrәkatının liderlәrindәn olmaqla yanaşı, ölkәdә cәrәyan edәn konstitusiya hәrәkatının әleyhdarlarından biri idi. Ə.P. “Yeni osmanlılar” konstitusiya hәrәkatına qarşı da qәti mübarizә aparmış, onun qәzetini bağlatdırmış, hәtta yeni osmanlıların bәzilәrini ölkәdәn sürgün etdirmişdi. Ölkәnin avropalaşmasının tәrәfdarı olmuşdu. Onun rәhbәrliyi ilә Qәrb nümunәsindә genişmiqyaslı inzibati, maliyyә vә mәhkәmә islahatları keçirilmiş, Qalatasarayda Avropa tipli müasir mәktәbin әsası qoyulmuşdu.