ƏLİ TUDƏ (Əli Qulu oğlu Cavadzadәnin tәxәllüsü; 31.1.1924, Bakı – 26.2.1996, Bakı) – Azәrb. şairi. Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1987). “Vәtәn nәğmәsi” adlı ilk şeirini 1937 ildә ”Yeni yol” qәzetindә “Heydәr Rzazadә” imzası ilә dәrc etdirmişdir. 1938 ildә ailәsi ilә Cәnubi Azәrbaycana – Ərdәbilin Çanaxbulaq k.-nә köçmüş, bir müddәt sonra Ərdәbildә, Milli hökumәt qurulduqdan (1946) sonra Tәbrizdә yaşamışdır. Ə.T. 1940 ildә Cәnubi Azәrbaycanda başlanan azadlıq hәrәkatına qoşulmuşdur. Şeirlәri 1944–46 illәrdә Ərdәbildә çıxan “Cövdәt”, “Ziddi-faşist”, Tәbrizdә çıxan “Vәtәn yolunda,” “Azәrbaycan” qәzetlәrindә, “Şәfәq”, “Azәrbaycan” mәcmuәlәrindә, almanaxlarda dәrc olunmuşdur. Milli hökumәtin süqutundan (12.12.1946) sonra Bakıya mühacirәt etmiş, 1952 ildә Azәrb. Dövlәt Un-tinin filologiya fakültәsini bitirmişdir. İlk kitabı (“Cәnub nәğmәlәri”) 1950 ildә Bakıda çapdan çıxmışdır. Yaradıcılığının әsas mövzusu vәtәnpәrvәrlik, milli azadlıq vә istiqlaliyyәt uğrunda mübarizә olan Ə.T. “Vәtәn sevgisi” (1951), “Arazın o tayında” (1954), “Qartal” (1958), “Buludlar” (1964), “Yanıqlı tütәk”(1966), “Sevinc”(1973), “Ömrün illәri” (1976), “Mühacir qeyrәti” (1998), “Mәnim sәsim” (2002), “Yarımçıq dastan” (2004) vә s. şeir vә poema kitablarının müәllifidir. Əsәrlәri bir çox dilә tәrcümә edilmişdir. Şair bir sıra rus, fars, gürcü, türkmәn, qırğız şairlәrinin şeirlәrini Azәrbaycan dilinә çevirmişdir.