ƏLİBƏYLİ Ənvәr Əliverdi oğlu (1.4. 1916, Bakı – 7.5.1968, Bakı) – Azәrb. şairi. Azәrb. Dövlәt Un-tinin fәhlә fakültәsindә (1934–37) tәhsil almışdır. Böyük Vәtәn müharibәsindә (1941–45), әsasәn, azәrb.lardan ibarәt olan 416-cı Taqanroq diviziyasının tәrkibindә döyüş yolu keçmişdir. 1947 ildә ilk şeirlәr kitabı “Qaranquş” nәşr olunmuşdur. “Dalğalar arasında” (1954), “Elә xoşbәxtәm ki” (1964), “Nәğmәlәr” (1968) vә s. şeir vә poema kitablarının, “Əbәdiyyәt” (1964) novella-pyesinin müәllifidir. “Ədәbiyyat qәzeti”nin redaktoru (1948–52), Azәrb. SSR Dövlәt Radio vә Televiziya Verilişlәri Komitәsinin sәdri (1964–68) işlәmişdir. Bәzi әsәrlәri başqa xalqların dillәrinә tәrcümә edilmişdir. Azәrb. SSR Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur.
Əsәrlәri: За островом Артёма. Стихи. B., 1958; Seçilmiş әsәrlәri. B., 1975.