ƏLİF (yun. άλειφα – mәlhәm, yağ) – bitki yağlarının emalı mәhsulları әsasında hazırlanmış örtükyaradan maddә. Sarı rәngdәn qırmızı-qәhvәyi rәngәdәk şәffaf özlü mayedir. Tәrkibindәki yağın miqdarından asılı ola aq tәbii (100% yağ), kombinәedilmiş (70% yağ, 30% hәlledici) vә yarımtәbii (50% yağ, 50% hәlledici) Ə.-lәrә ayrılır. Tәbii Ə. quruyan yağlardan (mәs., kәtan yağı) alınır; hazırlanma texnologiyasına görә oksidlәşdirilmiş vә polimerlәşdirilmiş olur. Kombinәedilmiş (qarışıq) Ə. almaq üçün oksidlәşdirilmiş vә susuzlaşdırılmış yağ qarışığı uayt-spiritdә hәll edilir. Yarımtәbii Ə. (mәs., oksol) bitki yağları, uaytspirit, skipidar vә s. hәlledicilәrdәn ibarәtdir. Ə.-in әsas keyfiyyәt göstәricilәri şәffaflığı, turşuluq әdәdi (6–12), quruma vaxtı (24 saatdan az), tәrkibindә zәhәrli maddәlәrin olmamasıdır. Ə. sәthlәrә nazik tәbәqә şәklindә çәkildikdә yağın polimerlәşmәsi nәticәsindә quruyaraq suda, habelә üzvi vә qeyri-üzvi hәlledicilәrdә hәll olmayan elastik örtük әmәlә gәtirir. Ona sikkativ maddә qarışdırdıqda daha sürәtlә quruyur.
Sәnayedә Ə. dövri vә ya fasilәsiz üsulla alınır. Oksidlәşdirilmiş Ə. xüsusi aparatlarda – oksidatorlarda hazırlanır. Əvvәlcә yağ sürәtlә 100°C-әdәk qızdırılır, sonra hava verib qarışdırmaqla temp-r 150°C-әdәk yüksәldilir. Proses sona çatdıqda, sikkativ әlavә edilir. Polimerlәşdirilmiş Ə. alarkәn yağ 140–150°C-dә susuzlaşdırılır vә 250–280°C-dә sikkativlәrlә birlikdә polimerlәşdirilir. Kombinәedilmiş Ə.-lәr yağlar, hәlledicilәr vә sikkativlәrin soyuq halda qarışdırılması yolu ilә alınır. Ə.-dәn yağlı boyalar hazırlamaq vә mәsamәli materiallara hopdurmaq üçün istifadә edilir.