ƏLİXANOV Ənvәr Nәzәr oğlu (17.4.1917, Bakı – 31.7.1992, Bakı) – Azәrb. geoloqu. Geologiya-mineralogiya e.d. (1965), prof. (1967). Lenin mükafatı laureatı (1961; “Neft daşları” yatağının mәnimsәnilmәsinә görә). 1941 ildә mühәndis-geoloq ixtisası üzrә Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir. Azәrb. neft sәnayesindә rәhbәr vәzifәlәrdә işlәmiş (1945–59), AKP MK katibi (1959–61), Azәrb. SSR Nazirlәr Sovetinin sәdri (1961–70) olmuş, 1970–76 illәrdә Azәrb. SSR EA Geologiya İn-tunun (indiki Geologiya vә Geofizika İn-tu) direktoru vәzifәsini tutmuşdur. 1976 ildәn Azәrb. SSR EA Tәbii Ehtiyatların Kosmik Tәdqiqi İn-tunda dәniz geologiyası laboratoriyasının müdiri olmuşdur. Elmi işlәri Azәrb.-ın neft vә qaz yataqlarının öyrәnilmәsinә aiddir. Ə. 100-ә yaxın elmi әsәrin, o cümlәәdәn 2 monoqrafiyanın müәllifidir. SSRİ Ali Sovetinin (6-cı vә 7-ci çağırış) vә Azәrb. SSR Ali Sovetinin (3–7-ci çağırış) deputatı olmuşdur. İki dәfә Lenin ordeni, Qırmızı Əmәk Bayrağı ordeni vә medallarla tәltif edilmişdir.
Ə s ә r l ә r i: Подкирмакинская свита восточной части Апшеронской области и её нефтеносность. Б., 1957; Нефтегазоносность Каспийского моря. М., 1977.