ƏLİXANOVA Firuzә Mәmmәdqulu qızı (10.9.1917, Ordubad – 24.11.1994, Naxçıvan) – Azәrb. aktrisası. Azәrb. SSR xalqartisti (1974). İlk dәfә sәhnәyә 1932 ildә Asya rolunda (“Arşın mal alan”, Ü.Hacıbәyli) çıxmışdır. Yaradıcılığı C.Mәmmәdquluzadә ad. Naxçıvan Dövlәt Musiqili Dram Teatrı ilә bağlı olmuşdur. Dram tamaşaları ilә yanaşı, opera vә musiqili komediyalarda da yaddaqalan sәhnә obrazları yaratmışdır. Əsas rolları: Almaz (“Almaz”, C.Cabbarlı), Şirin (“Fәrhad vә Şirin”, S.Vurğun), Hәcәr (“Qaçaq Nәbi”, S.Rüstәm), Kruçinina (“Günahsız müqәssirlәr”, A.Ostrovski), Beatriça (“İki ağanın bir nökәri”, K.Qoldoni), Tükәz (“Hacı Qara”, M.F.Axundzadә), Hafizә xanım (“Pәri-cadu”, Ə.Haqverdiyev), Zәhrabәyim (“Anamın kitabı”, C.Mәmmәdquluzadә), Leyli, Gülçöhrә vә Cahan xala (“Leyli vә Mәcnun”, “Arşın mal alan”, Ü.Hacıbәyli), Şahsәnәm (“Aşıq Qәrib”, Z.Hacıbәyov), Cәnnәt (“Qayınana”, M.Şamxalov) vә b. “Şәrәf nişanı” ordeni ilә tәltif edilmişdir.