ƏLİYEV Əli Hәsәn oğlu (d. 6.2.1938, Nax. MR, Sәdәrәk r-nunun Sәdәrәk k.) – Azәrb. fizioloqu, biologiya e.d. (1993), prof. (1997). Azәrb. Resp. әmәkdar müәllimi (2009). Naxçıvan Tibb Texnikumunu (1958), Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1966). BDU-nun insan vә heyvan fiziologiyası kafedrasında baş laborant, müәllim, baş müәllim (1970–82), prof. (1997) olmuş, 1997 ildәn hәmin kafedranın vә biostimulyator laboratoriyasının müdiridir. Tәdqiqatları tәkamülün müxtәlif pillәlәrindә bioloji sistemlәrin stimulyasiyasının fiziki-kimyәvi әsaslarının öyrәnilmәsinә, neyroendokrin tәnzimindә bioritmlәrin rolu problemlәrinә hәsr edilmişdir. Orta mәktәblәr üçün “İnsan” dәrsliyinin (Azәrb. vә rus dillәrindә, 2005, 2010) müәllifidir. 350-dәn çox elmi әsәrin, 9-adәk dәrslik vә dәrs vәsaitinin, 2 patentin müәllifidir. Elmi kadr hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Qidalanma vә hәzm fiziologiyası (A.Y.Baxşәliyev vә b. ilә birlikdә). B., 2009; Analizatorlar (sensor sistem). B., 2015.