ƏLİYEV Fәrzәli Fazil oğlu (d.12.3.1953, Ağdaş r-nunun Aşağı Lәki k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (2005). Gәncә Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1975). 1975–81 illәrdә Ağdaş r-nunun Aşağı Lәki kәnd orta mәktәbindә müәllim işlәmiş, 1981 ildәn AMEA-nın Fizika İn-tunda çalışır, 2004 ildәn aparıcı elmi işçidir. Elmi tәdqiqatları zolaqlı vә darzolaqlı yarımkeçiricilәrdә istilik, elektrik, termoelektrik vә termomaqnit hadisәlәrinә hәsr olunmuşdur. Elmi fәaliyyәtindә әsas yeri bәrk cisimlәrdә yaranan faza keçidlәrinin hәmin cisimlәrin termodinamik, istilik vә elektrik xassәlәrinә tәsirinin öyrәnilmәsi tutur. 140-a yaxın elmi әsәrin müәllifidir.