ƏLİYEV İlham Heydәr oğlu (d. 24.12. 1961, Bakı) – Azәrb.-ın görkәmli siyasi vә dövlәt xadimi, Azәrb. Resp.-nın Prezidenti (2003 ildәn).
Orta tәhsilini Bakı şәhәri 6 nömrәli orta mәktәbdә almışdır (1967–77). Moskva Dövlәt Beynәlxalq Münasibәtlәr İn-tunu (1982) vә aspiranturasını (1985) bitirmiş, hәmin in-tda müәllim (1985–90) işlәmişdir. Tarix elmlәri namizәdidir (1985). 1991–94 illәrdә bir sıra istehsal-kommersiya müәssisәlәrinin tәsisçisi vә rәhbәri olmuşdur.
1994 ildәn 2003 ilin avqust ayınadәk Azәrb. Resp. Dövlәt Neft Şirkәtinin vitse- prezidenti vә birinci vitse-prezidenti işlәmişdir. 1995 vә 2000 illәrdә Milli Mәclisin deputatı seçilmişdir. 2001–03 illәrdә Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azәrb. Resp. Milli Mәclisinin nümayәndә heyәtinә rәhbәrlik etmiş, AŞPA sәdrinin müavini vә AŞPA-nın Büro üzvü seçilmişdir (2003, yanvar). Yeni Azәrb. Partiyası sәdrinin müavini (1999), sәdrin birinci müavini (2001) vә sәdri seçilmişdir (2005, 2013). 1997 ildәn Azәrb. Milli Olimpiya Komitәsinin prezidentidir. 2003 il avqustun 4-dә Azәrb. Resp.-nın Baş naziri tәyin edilmişdir. 2003 il oktyabrın 15-dә 76,8 faiz sәslә Azәrb. Resp.-nın Prezidenti seçilmiş, 2008 (88,73 %), 2013 (84,54%) vә 2018 (86,02%) il prezident seçkilәrindә yenidәn inamlı qәlәbә qazanmışdır. Beynәlxalq vә yerli müşahidәçilәrin rәyinә görә bütün bu seçkilәr azad, әdalәtli vә şәffaf keçirilmiş, seçici fәallığı 70 faizdәn yuxarı olmuş, sәsvermәnin rәsmi yekunları ilә “exit-poll” aparan yerli vә xarici tәşkilatların nәticәlәri üst-üstә düşmüşdür.
İ.Ə.-in 2003–18 illәrdә prezidentliyi dövründә ölkәdә planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin başa çatması tәmin edilmişdir. Bu dövrdә ÜDM-dә özәl sektorun payı 80 faizi ötmüş, makroiqtisadi sabitlik möhkәmlәndirilmiş, rәqabәtqabiliyyәtliliyinә görә Azәrb. iqtisadiyyatı MDB mәkanında birinci yer tutmuşdur. 2004–18 illәr әrzindә iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun vә bölgәlәrin davamlı yüksәlişi mәqsәdilә regionların sosial-iqtisadi inkişafına dair üç dövlәt proqramı icra olunmuşdur. Qeyri-neft sәnayesi ardıcıl şәkildә inkişaf etdirilmiş, ölkә iqtisadiyyatı üçün mühüm әhәmiyyәt kәsb edәn vә müasir texnologiyalara әsaslanan minlәrlә yeni müәssisә fәaliyyәtә başlamışdır. 2014 ilin dekabrında tәsdiq edilmiş “Azәrbaycan Respublikasında sәnayenin inkişafına dair 2015–2020-ci illәr üçün Dövlәt Proqramı”na uyğun olaraq, ölkә әrazisindә çoxsaylı sәnaye parkı vә mәhәllәlәri, texnoparklar (Sumqayıt, Balaxanı, Mingәçevir, Qaradağ, Pirallahı, Neftçala, Masallı, Hacıqabul, Sabirabad vә s.) yaradılmış, istehsal sahәlәrinin genişlәndirilmәsi, qeyrineft sәnayesinin ixrac imkanlarının artırılması vә innovativ istehsalın inkişaf etdirilmәsi istiqamәtindә ciddi tәdbirlәr görülmüşdür. Sumqayıtda alüminium, karbamid, plastik emalı zavodları, “SOCAR Polymer” şirkәti, Balaxanıda Mәişәt Tullantılarının Tәkrar Emalı Zavodu, Bakı Gәmiqayırma Zavodu, Gәncә, Naxçıvan vә Neftçalada avtomobil zavodları, Sumqayıt, Gәdәbәy vә Daşkәsәndә qızıl-mis emalı zavodları, Gәncә alüminium yarımfabrikatı, kәnd tәsәrrüfatı texnikası zavodları vә digәr sәnaye müәssisәlәri hәmin illәrdә istifadәyә verilәrәk ölkәnin iqtisadi potensialının güclәndirilmәsindә mühüm rol oynayır.
İ.Ə.-in apardığı iqtisadi siyasәt nәticәsindә Azәrb. iqtisadiyyatı 15 ildә 3,2 dәfә, qeyri-neft sektoru 2,8 dәfә, sәnaye istehsalı 2,6 dәfә, k.t. 1,7 dәfә artmış, qeyri-neft ixracı 4,1 dәfә çoxalmışdır. Azәrb.-ın valyuta ehtiyatları 1,8 mlrd. dollardan (2004) 46 mlrd. dollara (2018) çatdırılmışdır. 2003–18 illәrdә ölkә iqtisadiyyatına 250 mlrd. dollar investisiya qoyulmuşdur. Müstәqillik dövründә Azәrbaycana yatırılan sәrmayәnin 93 faizini tәşkil edәn hәmin investisiyanın tәxminәn yarısı daxili mәnbәlәrin payına düşür. Davos Dünya İqtisadi Forumunun hesabatına (2017) әsasәn, Azәrb. iqtisadiyyatı rәqabәtqabiliyyәtliliyinә görә dünya miqyasında 35-ci yerә yüksәlmişdir.
Aqrar sektorda hәyata keçirilәn islahatlar, k.t. mәhsulları istehsalçılarına edilәn güzәşt vә yardımlar ölkә iqtisadiyyatında bu sahәnin ardıcıl inkişafına zәmin yaratmışdır. 2003–18 illәrdә meliorasiya tәdbirlәrinә ayrılan vәsaitin hәcmi 6 dәfә, bu sahәyә әsaslı kapital qoyuluşu 21 dәfә artmışdır. Ölkәdә ümumi su tutumu 450 mln. m3 olan 4 iri su anbarı (Taxtakörpü, Şәmkirçay, Göytәpә vә Tovuzçay), 4 min km suvarma kanalları, 2,4 min km kollektor-drenaj şәbәkәlәri tikilmiş vә bәrpa olunmuş, 360 min ha torpağın su tәminatı, 264 min ha sahәdә meliorativ vәziyyәt yaxşılaşdırılmış, 219 min ha yeni suvarılan torpaq sahәsi әkin dövriyyәsinә daxil edilmişdir. Prezident İ.Ə.-in әnәnәvi k.t. sahәlәrinin, o cümlәdәn pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyvәçiliyi, çәltikçilik vә arıçılığın dirçәldilmәsi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişlәndirilmәsi istiqamәtindә gördüyü işlәr ölkәnin ixrac potensialını әhәmiyyәtli dәrәcәdә artırmışdır.
Prezident İ.Ə.-in rәhbәrliyi altında Azәrbaycanda nәhәng transmilli energetika vә nәqliyyat layihәlәri hәyata keçirilmiş, 2006 ildә Xәzәr vә Aralıq dәnizlәrini birlәşdirәn Bakı–Tbilisi–Ceyhan әsas ixrac neft kәmәri (uzunluğu 1767 km), 2007 ildә Bakı–Tbilisi–Ərzurum qaz kәmәri (uzunluğu 980 km) istifadәyә verilmişdir. 2014 il sentyabrın 20-dә Avropanın enerji tәhlükәsizliyinin, hәmçinin Azәrb.-ın perspektiv inkişafının vә iqtisadi maraqlarının tәmin edilmәsindә böyük rol oynayacaq
“Cәnub qaz dәhlizi”nin tәmәli qoyulmuşdur. Uzunluğu 3500 km, dәyәri 40 mlrd. dollardan çox olan bu qlobal layihәnin icrası sürәtlә getmiş vә 2018 il mayın 29-da Bakıda “Cәnub qaz dәhlizi”nin, iyunun 12- dә isә onun tәrkib hissәsi olan TANAP boru kәmәrinin rәsmi açılış mәrasimi keçirilmişdir. TAP layihәsinin icrası isә qrafik üzrә davam etdirilir. 1994 il sentyabrın 20-dә Bakıda imzalanmış “Xәzәr dәnizinin Azәrbaycan sektorunda yerlәşәn “Azәri”, “Çıraq” yataqlarının vә “Günәşli” yatağının dәrinlikdә yerlәşәn hissәsinin birgә işlәnmәsi vә hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqavilәsi”) müddәti 2017 il sentyabrın 14-dә 2050-ci ilә qәdәr uzadılmışdır. Yeni şәrtlәrә görә SOCAR-ın payının 11%-dәn 25%-ә qaldırılması, mәnfәәt neftinin 75%-nin Azәrb.-a verilmәsi nәzәrdә tutulmuşdur. Bundan әlavә, 8 il әrzindә xarici investorlar tәrәfindәn ölkәyә bәrabәr hissәlәrlә bonus kimi 3,6 mlrd. dollar ödәnilәcәkdir. Müqavilәnin uzadılması Azәrb.-da uzun illәr bundan sonra da neftin hasilat sәviyyәsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun tәmin olunmasına imkan yaratmışdır.
İ.Ə.-in tәşәbbüsü ilә Avropa vә Asiyanı birlәşdirәn “Şәrq–Qәrb” vә “Şimal–Cәnub” beynәlxalq nәqliyyat dәhlizlәrinin yaradılması istiqamәtindә böyük işlәr görülmüşdür. Tәmәli 2007 ildә qoyulmuş Bakı–Tbilisi–Qars d.y.-nun 2017 il oktyabrın 30-da Bakıda rәsmi açılışı olmuşdur. Azәrb.-ın Rusiya Federasiyası, İran vә Gürcüstanla sәrhәdinә qәdәr yeni magistral avtomobil yolları tikilmişdir. 2018 il sentyabrın 18-dә 204 km uzunluğunda yeni Əlәt–Astara–İran İslam Respublikası ilә dövlәt sәrhәdi magistral avtomobil yolunun istifadәyә verilmәsilә Azәrb. әrazisindә “Şimal–Cәnub” nәqliyyat dәhlizi layihәsinin reallaşması üçün bütün işlәr başa çatdırılmışdır. Azәrb. siyasi, iqtisadi vә strateji baxımdan böyük әhәmiyyәtә malik hәmin beynәlxalq nәqliyyat dәhlizlәrindә fәal iştirak etmәklә Avrasiyada mühüm tranzit vә logistika mәrkәzlәrindәn birinә çevrilmişdir.
2003–18 illәrdә Azәrb.-ın kosmik sәnayesinin inkişafı baxımından mühüm uğurlar qazanılmışdır. 2010 ildә “Azәrkosmos” Açıq Sәhmdar Cәmiyyәti yaradılmış, 2013–18 illәrdә 2 telekommunikasiya (“Azerspace-1”, “Azerspace-2”) vә 1 yer sәthinin mәsafәdәn müşahidә peyki (“Azersky”) orbitә buraxılmışdır. Azәrb. sayı mәhdud olan dünya kosmik ölkәlәri sırasına daxil olmuşdur.
2003–18 illәrdә ölkәnin sosial-mәdәni vә tәsәrrüfat infrastrukturu tamamilә yenilәnmişdir. Bu dövrdә 3100-dәn artıq mәktәb, 642 tibb müәssisәsi tikilmiş vә ya әsaslı tәmir edilmiş, 15 min km yol çәkilmiş, 443 körpü inşa olunmuşdur. Bakıda 4 yeni metro stansiyası istifadәyә verilmiş, bir neçә stansiyada yenidәnqurma işlәri aparılmışdır. Xәzәr dәnizindә әn böyük beynәlxalq dәniz limanı – Əlәt Dәniz Ticarәt Limanı fәaliyyәtә başlamışdır. Azәrb.- da 7 hava limanı tamamilә yenidәn qurularaq istifadәyә verilmişdir. Onlardan altısı (Bakı, Gәncә, Naxçıvan, Lәnkәran, Qәbәlә, Zaqatala) beynәlxalq hava limanı statusu almışdır. Bakının Heydәr Əliyev Beynәlxalq Aeroportu dünyanın “5 ulduz”lu 9 әsas hava limanı siyahısına daxil olmuşdur.
2003–18 illәr әrzindә ölkәdә ümumi generasiya gücü 2500 MVt olan 30 elektrik stansiyası tikilib istifadәyә verilmiş vә Azәrb. regionda elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bölgәlәrdә qazlaşdırma sürәtlә aparılmış vә ölkә üzrә tәbii qaz tәchizatı 51%-dәn 95%-ә yüksәlmişdir. Nәhәng Oğuz–Qәbәlә–Bakı su kәmәri layihәsi icra edilmiş, Ceyranbatanda dünyanın әn böyük sutәmizlәyici qurğusu inşa olunmuş, regionlarda çoxsaylı subartezian quyuları qazılmış, çaylar boyu yüzlәrlә kiçik modul tipli sutәmizlәyici qurğular istifadәyә verilmiş, әhalinin fasilәsiz içmәli su ilә tәminatı yaxşılaşdırılmışdır. Davos İqtisadi Forumu ümumi infrastrukturun inkişafına görә Azәrbaycanı 26-cı yerә layiq görmüşdür (2017).
Prezident İ.Ə.-in tәşәbbüsü ilә әhalinin sosial müdafiәsini güclәndirmәk istiqamәtindә ciddi tәdbirlәr hәyata keçirilmişdir. Bu mәqsәdlә vәtәndaşların tәbii qazdan, içmәli su vә kanalizasiya xidmәtlәrindәn istifadәyә görә әvvәlki illәrdә yaranmış borcları (müvafiq olaraq 327 mln. vә 294,2 mln. manat) tam silinmiş, sovet dövründәn qalmış әmanәtlәrә görә 1 milyard manat kompensasiya ödәnilmişdir. 2003–18 illәrdә ölkәdә 1,9 mln. yeni iş yeri açılmış, maaşlar 5 dәfәdәn, pensiyalar isә 8 dәfәdәn çox artırılmış, işsizlik sәviyyәsi 5%-ә, yoxsulluq isә 49%-dәn 5,4%-ә endirilmişdir.
Prezident İ.Ə. ictimai vә sosial xidmәtlәr sahәsindә ciddi institusional islahatlar aparmış, 2012 ildә Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar Agentliyini tәsis etmiş, dövlәt orqanları tәrәfindәn әhaliyә göstәrilәn xidmәtlәri vahid sistemdә birlәşdirәn “ASAN xidmәt” mәrkәzlәrini yaratmışdır. Bu mәrkәzlәrә 2013– 18 illәr әrzindә 25 mln.-dan çox müraciәt daxil olmuş, xidmәtlәrin әhali arasında bәyәnilmә әmsalı 100%-ә yaxınlaşmışdır. Dünyada Azәrb.-ın brendi kimi tanınmış “ASAN xidmәt” modeli artıq başqa ölkәlәrdә dә tәtbiq edilir. Prezident İ.Ə. 2018 ilin avqustunda әhalinin mәşğulluğu, әmәk vә sosial müdafiәsi ilә bağlı çevik vә innovativ xidmәtlәr göstәrilmәsi üçün Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin nәzdindә “Dayanıqlı vә Operativ Sosial Tәminat Agentliyi”ni (DOST) yaratmışdır.
2003–18 illәrdә mәcburi köçkünlәrin problemlәrinin hәlli sahәsindә genişmiqyaslı işlәr görülmüş, ölkәdәki bütün çadır düşәrgәlәri, fin tipli qәsәbәlәr lәğv edilmiş, yeni salınmış 100-dәn artıq qәsәbә vә şәhәrcikdә 300 min nәfәr mәskunlaşdırılmışdır. 2016 ilin aprel ayında Azәrbaycan ordusunun hәrbi qәlәbәsi nәticәsindә azad edilmiş Cocuq Mәrcanlı k. (Cәbrayıl r-nu) qısa müddәt әrzindә bәrpa edilmiş, orada 150 evdәn ibarәt qәsәbә tikilmiş vә sakinlәr öz doğma yurdlarına qayıtmışlar. Eyni zamanda, işğaldan azad olunmuş Şıxarx qәs.-ndә (Tәrtәr r-nu) 1170 ailә üçün yeni şәhәrcik salınmışdır.
Prezident İ.Ə.-in rәhbәrliyi ilә Azәrb. ordusunun döyüş qabiliyyәtinin artırılması, silahlı qüvvәlәrin maddi-texniki bazasının möhkәmlәndirilmәsi sahәsindә ardıcıl tәdbirlәr görülmüşdür. 2005 ildә yaradılmış Azәrbaycan Respublikası Müdafiә Sәnayesi Nazirliyinin müәssisәlәrindә 1200 adda hәrbi tәyinatlı mәhsul istehsal edilir. Beynәlxalq reytinqlәrә görә, Azәrb.-ın Silahlı Qüvvәlәri hazırda dünyada әn güclü 50 ordu sırasında yer tutur. 2016 il aprel ayının әvvәlindә cәbhә xәttindә Ermәnistanın növbәti hәrbi tәxribatı ilә üzlәşәn Azәrb. ordusu әks-hücuma keçәrәk işğalçılara güclü zәrbәlәr endirmiş vә qısa müddәtdә Ağdәrә, Cәbrayıl, Füzuli rayonlarında iki min ha әrazini düşmәndәn azad etmiş, işğal altında qalan torpaqlara nәzarәt etmәk imkanını artırmışdır. 2018 ilin may ayında isә Nax. MR-in 11 min ha-dan artıq әrazisi, o cümlәdәn Şәrur r-nunun Günnüt k. düşmәndәn azad edilmiş, dövlәt sәrhәdi boyunca әlverişli yüksәkliklәr әlә keçirilmiş, Yerevan–Gorus–Laçın yolu nәzarәtә götürülmüşdür.
Prezident İ.Ə. Ermәnistan-Azәrbaycan Dağlıq Qarabağ problemi ilә bağlı prinsipial mövqe ifadә etmişdir: “Azәrbaycan heç vaxt öz әrazi bütövlüyünün pozulması ilә barışmayacaq, torpaqlarında ikinci ermәni dövlәtinin yaranmasına yol vermәyәcәkdir. Ölkәmizin әrazi bütövlüyü tam bәrpa edilmәli, azәrbaycanlılar әzәli yurdlarına qayıtmalıdırlar... İrәvan xanlığı, Göyçә, Zәngәzur mahalları da bizim tarixi torpaqlarımızdır, vaxt gәlәcәk, biz azәrbaycanlılar o torpaqlara qayıdacaq vә orada yaşayacağıq.” 2003–18 illәrdә ATƏT-in Minsk qrupu çәrçivәsindә aparılan danışıqlarla yanaşı, nüfuzlu beynәlxalq tәşkilatlar tәrәfindәn Dağlıq Qarabağ münaqişәsinә dair mühüm qәrarların qәbul edilmәsinә nail olunmuşdur. BMT Baş Assambleyasının 60-cı (2006) vә 62-ci (2008) sessiyalarının çıxardığı “Azәrbaycanın işğal edilmiş әrazilәrindә vәziyyәt” adlı qәtnamәlәrdә zәbt olunmuş Azәrbaycan әrazilәrindә ermәnilәrin mәskunlaşdırılması, orada yanğınlar törәdilmәsi faktları pislәnilmiş, BMT Tәhlükәsizik Şurasının 822, 853, 874 vә 884 nömrәli qәtnamәlәrinin yerinә yetirilmәsinin vacibliyi vurğulanmışdır. AŞPA-nın (1416 saylı “ATƏT-in Minsk Konfransının mәşğul olduğu Dağlıq Qarabağ bölgәsi üzәrindә münaqişә”, 2005), AP-nin (“Avropa İttifaqının Cәnubi Qafqazda strategiyasına dair tәlәb”, 2010) qәtnamәlәrindә, Aİ-nin “Şәrq tәrәfdaşlığı” Sammitinin Bәyannamәsindә (2017) vә Aİ – Azәrbaycan “Tәrәfdaşlıq Prioritetlәri” razılaşmasında (2018), Qoşulmama Hәrәkatı dövlәt vә hökumәt başçılarının XVI (Tehran, 2012) vә XVII (Marqarita, 2016) sammitlәrinin, İƏT-in XI (Seneqal, 2008) vә XII (Misir, 2013) zirvә toplantılarının yekun sәnәdlәrindә, ECO-nun 13-cü sammitinin (İslamabad, 2017) yekun bәyanatında Azәrb.-ın әrazi bütövlüyü vә suverenliyinә, beynәlxalq sәviyyәdә tanınmış sәrhәdlәrinin toxunulmazlığına hörmәt ifadә edilmiş, münaqişәnin mәhz bu prinsiplәr әsasında hәllinin vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, NATO-nun 2006 ildәn bәri keçirilәn zirvә toplantılarının, o cümlәdәn Nyuport (2014), Varşava (2016) vә Brüssel (2018) sammitlәrinin yekun kommunikelәrindә Cәnubi Qafqazdakı münaqişәlәrin ölkәlәrin әrazi bütövlüyü, suverenliyi vә Helsinki Yekun Aktına әsaslanaraq hәlli prinsipinin öz әksini tapması Azәrbaycanın mәnafeyinә cavab verir.
Prezident İ.Ə.-in milli maraqlara söykәnәn xarici siyasәti nәticәsindә Azәrb. müstәqil mövqeyi ilә seçilәn dövlәt kimi tanınmış, onun beynәlxalq nüfuzu getdikcә yüksәlmişdir. 2011 ildә Azәrbaycan 155 dövlәtin dәstәyi ilә BMT TŞ-yә qeyridaimi üzv seçilmiş, 120 dövlәtin tәmsil olunduğu Qoşulmama Hәrәkatına üzv qәbul edilmişdir. 2019–22 illәr Azәrbaycan Respublikasının Hәrәkata sәdrlik dövrüdür. Azәrbaycan Aİ-yә üzv olan 9 ölkә ilә strateji tәrәfdaşlıq әlaqәlәri qurmuş vә müvafiq sәnәdlәr imzalamışdır.
İ.Ə. Prezident seçildikdәn sonra ölkәdә bәrqәrar olunmuş ictimai-siyasi sabitlik daha da möhkәmlәnmiş, hüquqi dövlәt quruculuğu siyasәti davam etdirilmiş, demokratik tәsisatların inkişafı, siyasi plüralizmin, insan hüquq vә azadlıqlarının tәmin edilmәsi, vәtәndaş cәmiyyәti institutlarının güclәndirilmәsi istiqamәtindә ardıcıl tәdbirlәr hәyata keçirilmişdir.
Prezident İ.Ə. ölkәdә elmin, mәdәniyyәtin, milli-mәnәvi dәyәrlәrin, Azәrbaycan dilinin, dini etiqad azadlığının, konfessional vә etnik rәngarәngliyin, multikulturalizm vә tolerantlıq әnәnәlәrinin qorunub saxlanmasını vә inkişafını tәmin etmişdir.
Dövlәt büdcәsindәn elmә ayrılan xәrclәr 2003–18 illәrdә 7,7 dәfә artırılmışdır. Fundamental elmi tәdqiqatların stimullaşdırılması, dövlәt sifarişi әsasında tәbiәt, texniki, humanitar vә ictimai sahәlәr üzrә elmi araşdırmaların qrant şәklindә maliyyәlәşdirilmәsi mәqsәdilә Azәrb. Resp.-nın Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır (2009). Azәrb. Milli Elmlәr Akademiyasının (AMEA) institutlarının maddi-texniki bazası möhkәmlәndirilmiş, qurumun Gәncә Bölmәsi tәsis edilmiş (2012), Mәrkәzi Kitabxanasının yeni binası istifadәyә verilmişdir (2013). 15 il әrzindә AMEA-nın hәqiqi vә müxbir üzvlәrinin, habelә dövlәt büdcәsindәn maliyyәlәşdirilәn elm vә elmi tәdqiqat müәssisә, idarә vә tәşkilatlarında çalışan işçilәrin әmәkhaqları dәfәlәrlә artırılmışdır.
2004–18 illәr әrzindә ölkәdә 220-dәn çox mәscid tikilmiş vә ya bәrpa olunmuşdur. Eyni zamanda, sinaqoqlar, xristian mәbәdlәri (pravoslav vә katolik), Qafqaz Albaniyası kilsәsi vә s. dövlәt hesabına inşa edilmiş vә ya bәrpa olunmuşdur. Xüsusi dini-mәnәvi vә tarixi-mәdәni әhәmiyyәt kәsb edәn Bibiheybәt mәscid-ziyarәtgah kompleksindә, Tәzәpir, Əjdәrbәy, İçәrişәhәr Cümә vә Hәzrәt Mәhәmmәd mәscidlәrindә tәmir vә yenidәnqurma işlәri aparılmışdır. Şamaxı Cümә mәscidi vә Gәncәdә “İmamzadә” dini-mәdәniyyәt abidәsi әsaslı bәrpa edilmiş, Bakıda Qafqazın әn böyük mәscidi olan Heydәr Mәscidi (2014), Hacı Cavad Mәscidi (2018) vә dağ yәhudilәri üçün sinaqoq (2011) tikilәrәk dindarların istifadәsinә verilmişdir.
Azәrb.-da sivilizasiyalararası dialoq, tolerantlıq vә humanitar әmәkdaşlıq mövzusunda çoxsaylı beynәlxalq tәdbirlәr keçirilmişdir. 2008 ildә Prezident İ.Ə. xalqlar vә mәdәniyyәtlәr arasında dialoq vә әmәkdaşlığın inkişafı naminә “Bakı Prosesi” tәşәbbüsü ilә çıxış etmişdir.
2004–18 illәrdә ölkәdә idman vә bәdәn tәrbiyәsi sahәsindә böyük uğurlar әldә edilmişdir. Bakıda vә bölgәlәrdә 45 Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar vә digәr idman meydançaları tikilmiş vә yenidәn qurulmuşdur. Azәrb. idmançıları 2004 il Afina Olimpiadasında 5, 2008 il Pekin Olimpiadasında 6, 2012 il London Yay Olimpiadasında 10, 2016 il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isә 18 medal qazanmışlar. Sonuncu Olimpiadada medalların sayına görә Azәrb. dünyada 14-cü, Avropada 7-ci, MDB ölkәlәri arasında 2-ci, müsәlman alәmindә isә 1-ci olmuşdur.
2015 ildә Azәrb. tarixdә ilk dәfә keçirilәn Avropa Oyunlarına ev sahibliyi etmişdir. 50 ölkәni tәmsil edәn 6 min idmançının iştirak etdiyi Oyunlarda Azәrb. komanda hesabında 2-ci yeri tutmuşdur. 2017 ilin mayında Bakıda keçirilmiş IV İslam Hәmrәyliyi Oyunlarında isә Azәrb. komanda hesabında 1-ci yerә çıxmışdır. 2016 ildәn etibarәn Bakıda hәr il ümumi auditoriyası 500 mln. nәfәrdәn çox olan “Formula – 1” yarışları tәşkil edilir.
Prezident İ.Ə.-in müәyyәn etdiyi inkişaf konsepsiyasına әsasәn 2003–18 illәrdә hәyata keçirilәn abadlıq vә quruculuq işlәri sayәsindә Bakı dünyanın әn gözәl şәhәrlәrindәn birinә, regionun biznes vә mәdәniyyәt mәrkәzinә, cәlbedici turizm vә istirahәt mәkanına çevrilmişdir. Şәhәrin tarixi görkәmi müasir vә zövqlü tikililәrlә tamamlanmış, Bakının yeni simvol vә rәmzlәri olan Heydәr Əliyev Mәrkәzi, Bayraq Meydanı, “Alov qüllәlәri”, “Baku Crystal Hall” vә digәr inşaat komplekslәri dünyanın memarlıq incilәri sırasına daxil olmuşdur. Şәhәrin ictimai-mәdәni vә nәqliyyat-tәsәrrüfat infrastrukturu müasir tәlәblәrә uyğunlaşdırılmış, yeni küçә, körpü vә yol ötürücülәri tikilmiş, yaşıllıq vә parklar salınmış, ekoloji şәrait yaxşılaşdırılmış, dәnizkәnarı bulvar 3,5 km-dәn 16 km-ә qәdәr uzadılmışdır. Paytaxt әrazisindәn çıxarılan sәnaye müәssisәlәrinin yerindә modern tipli şәhәrsalma layihәlәri (“Ağ şәhәr” vә s.) reallaşdırılmışdır.
Prezident İ.Ə.-in rәhbәrliyi altında Azәrb. bir sıra qabaqcıl ölkәlәrin onilliklәr boyu keçdiyi inkişaf mәrhәlәsini sürәtlә adlayaraq, modernlәşmә yoluna qәdәm qoymuşdur. Dünya Bankı, Avropa Yenidәnqurma vә İnkişaf Bankı, Davos İqtisadi Forumu Azәrb.-da aparılan islahatlara yüksәk qiymәt vermişdir. Davos Forumunun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) Azәrb. inkişaf etmәkdә olan 80 ölkә arasında 3-cü yerә yüksәlmişdir. Dünya Bankının “Doing Business 2019” hesabatında isә Azәrbaycan 2017 illә müqayisәdә 32 pillә irәlilәyәrәk 190 ölkә arasında 25-ci yeri tutmuş vә dünyanın 10 әn islahatçı dövlәti siyahısına daxil edilmişdir.
Prezident İ.Ə. xidmәtlәrinә görә Azәrb. Resp.-nın vә xarici dövlәtlәrin bir çox ali tәltiflәrinә layiq görülmüşdür: Azәrbaycan Respublikasının “Heydәr Əliyev” ordeni (2005), Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (2004), Sәudiyyә Ərәbistanı Krallığının “Kral Əbdülәziz” ordeni (2005), Fransanın “Fәxri Legionun Böyük Xaç Komandoru” ordeni (2007), Polşanın “Xidmәtlәrә görә” Böyük Xaç ordeni (2008), Ukraynanın I dәrәcәli “Knyaz Yaroslav Mudrı” ordeni (2008), Küveytin “Mübarәk әl-Kәbir” ordeni (2009), Latviyanın “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dәrәcәsi (2009), Rumıniyanın “Sadiq Xidmәt” milli ordeninin Böyük Xaç ranqı (2011), Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (2011), Tacikistanın “İsmoili Somoni” ordeni (2012), Belarusun “Xalqlar dostluğu” ordeni (2012), Türkiyәnin “Dövlәt nişanı” ordeni (2013), Ukraynanın “Azadlıq” ordeni (2013), Serbiya Respublikasının ordeni (lentli) (2013), İtaliyanın “Xidmәtlәrinә görә” böyük lentlә birlikdә Böyük Xaç Kavaleri ordeni (2018).