ƏLİYEV Mәmmәdqasım Hüseyn oğlu (1882, Yelizavetpol, indiki Gәncә ş. – 20.7.1967, Bakı) – Azәrb. geodezisti. Prof. (1931), Azәrb. SSR әmәkdar elm xadimi (1945). Peterburqda Ali Hәrbi Topoqrafiya Mәktәbini bitirmişdir (1905). İnqilabdan әvvәl Rusiyada topoqrafiya-geodeziya işlәri görmüş, 1913 ildә I–II sinif trianqulyasiya aparmaq üçün Beynәlxalq sәrhәd komissiyasına ezam edilmişdir. Azәrb.-da Sovet hakimiyyәti qurulduqdan sonra hәrbi mütәxәssis kimi Bakıya gәlmiş Ə. Hәrbi Topoqrafiya İdarәsi rәisinin müavini, eyni zamanda Hәrbi Topoqrafiya Mәktәbinin rәisi işlәmişdir. Yer quruluşu texnikumunun direktoru (1924–28), Azәrb. Politexnik İn-tunda kafedra müdiri (1925) vә direktor müavini işlәmiş, Azәrb. SSR EA Coğrafiya İn-tunda kartoqrafiya şöbәsinin rәhbәri (1944–48) olmuşdur. Ə. 1924 ildәn ali mәktәblәrdә geodeziya vә kartoqrafiyadan dәrs demiş, Azәrb. Neft vә Kimya İn-tunda kafedra müdiri olmuşdur. Azәrb. dilindә ilk geodeziya dәrsliyinin, “Geodeziya kursu” (1927), “Geodeziya tәcrübәlәri” (1951) vә s. dәrsliklәrin müәllifi, “Geodeziya vә topoqrafik rәsmxәt” (1961) dәrsliyinin müәlliflәrindәn biridir. Lenin ordeni vә medallarla tәltif edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.