ƏLİYEV Mirzağa Əli oğlu (1883, Bakı yaxınlığındakı Hövsan k. – 25.10.1954, Bakı) – Azәrb. aktyoru. SSRİ xalq artisti (1949), Azәrb. SSR xalq artisti (1933). SSRİ Dövlәt mükafatı laureatı (1943, 1948) İlk tәhsilini mollaxanada almış, Bakıda rus-müsәlman mәktәbini bitirmişdir. İlk dәfә sәhnәyә 1901 ildә Şahmar bәy (“Müsibәti-Fәxrәddin”, N.Vәzirov) rolunda çıxmışdır. Azәrb. teatr xadimlәrindәn N.Vәzirov vә C.Zeynalov onun aktyor kimi yetişmәsinә tәsir göstәrmişlәr. Ə. 1906–07 illәrdә “Hәmiyyәt” teatr truppasının rәhbәri vә aktyoru olmuşdur. Truppa, әsasәn, fәhlә r-nlarında tamaşalar verirdi. 1907–12 illәrdә “Nicat” cәmiyyәtinin teatr truppasında çıxış etmişdir. 1912 ildә ictimai fәaliyyәtinә görә Hәştәrxana sürgün olunmuşdur. 1912–16 illәrdә Volqaboyu şәhәrlәrindә, Tiflisdә, İrәvanda, İran vә Türkiyәnin bir sıra şәhәrindә tamaşalar vermişdir. Ü. Hacıbәylinin “Ər vә arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”; Z.Hacıbәyovun “Evliykәn subay”, “Əlli yaşında cavan” musiqili komediyalarında maraqlı sәhnә obrazları yaratmışdır. 1916 ildә Bakıda tamaşaya qoyulmuş “Ölülәr” (C.Mәmmәdquluzadә) komediyasındakı İsgәndәr rolu onun yaratdığı klassik obrazlar silsilәsinә daxildir. Ə. Bakı Azad Tәnqid-Tәbliğ Teatrının tәşkilatçısı olmuş, burada aktual mövzulu kupletlәrlә çıxış etmişdir. Mövhumata, köhnәlmiş adәt vә әnәnәlәrә qarşı yönәldilmiş “Vәzirin gözlәri”, “Mәşәdi evlәnir”, “Orada elә, burada belә”, “Necә qan ağlamasın”, “Qısqanclıq”, “Ey dad şümür әlindәn”, “Telefon” vә s. sәhnә әsәrlәrini yazmışdır. Ə. 1924 ildәn Azәrb. Dövlәt Dram Teatrının aktyoru olmuş, Azәrb. sәhnәsinin realist әnәnәlәrini davam vә inkişaf etdirmişdir. Ə. fitri komik istedada, milli koloritә, ifadәli yumor boyaları vә zәngin sәhnә nüanslarına malik aktyor idi. C.Cabbarlı әsәrlәrinin tamaşalarında dolğun surәtlәr yaratmışdır: Balaxan (“Aydın”), Hacı Zaman (“Oqtay Eloğlu”), Oddamdı (“Od gәlini”), Əmirqulu (“Yaşar”) vә s. Mirzә Sәmәndәr (“Almaz”), Salamov (“1905-ci ildә”) obrazları Ə.-in teatrda oynadığı әn parlaq rollardandır. Ə.-in yaratdığı Mәşәdi Qulamhüseyn (“Mәhәbbәt”, M.İbrahimov), Kәrәmov, Bәrbәrzadә (“Toy”, “Xoşbәxtlәr”, S.Rәhman), Nәcәf bәy (“Şәrqin sәhәri”, Ə. Mәmmәdxanlı) obrazları Azәrb. teatr tarixindә görkәmli yer tutur. Dünya klassiklәrinin әsәrlәrinin tamaşalarında sәnәtkarlıqla çıxış edәn Ə., Luka (“Hәyatın dibindә”, M.Qorki), Osip (“Müfәt-tiş”, N.Qoqol), Knurov, Şmaqa (“Cehizsiz qız”, Günahsız müqәssirlәr”, A.Ostrovski), Rasplyuyev (“Kreçinskinin toyu”, A.Suxovo-Kobılin), mәzarçı (“Hamlet”, U.Şekspir), Jorj Danden (“Jorj Danden”, J.B.Molyer), Paqanel (“Kapitan Qrantın uşaqları”, J.Vernin eyniadlı әsәri üzrә) obrazlarının orijinal sәhnә tәqdimatını vermişdir. Ə. kino aktyoru kimi dә mәşhur olmuş, “Bismillah” (1925), “Hacı Qara” (1929), “Mәhәbbәt oyunu” (1936), “Almaz” (1936), “Bakının işıqları” (1950) vә s. filmlәrdә çәkilmişdir. Bakı küçәlәrindәn birinә Ə.-in adı verilmiş, yaşadığı binaya xatirә lövhәsi vurulmuşdur. Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.
Əd.: Mәmmәdov M. Mirzağa Əliyev. B., 1949; yenә onun, Mirzağa Əliyev, “Teatr düşüncәlәri” kitabında. B., 1977; Cәfәrov C. Azәrbaycan teatrı. B., 1974; Mәmmәdli Q. Azәrbaycan teatrının salnamәsi, h. 1–2, B., 1974–83.
Ялийев М. Мяшяди Гуламщцсейн ролунда (М.Ибращимов, “Мящяббят”).