ƏLİYEV Rüstәm Musa oğlu (13.1.1929, Şәmkir r-nunun Morul k. – 12.4.1994, Bakı) – Azәrb. şәrqşünası, әdәbiyyatşünas. Filologiya e.d. (1968), prof. (1970). Əmәkdar elm xadimi (1971), Harvard Un-tinin fәxri doktoru (1965). 1946 ildә Azәrb. Dövlәt Un-tinә daxil olmuş, 1947–51 illәrdә tәhsilini Leninqrad Dövlәt Un-tinin Şәrqşünaslıq fakültәsindә davam etdirmişdir. SSRİ EA Şәrqşünaslıq İn-tunda (Moskva) elmi işçi, bölmә müdiri (1955–71), Azәrb. SSR EA-nın Əlyazmalar İn-tunda baş elmi işçi, şöbә müdiri (1972–80), Nizami ad. Ədәbiyyat İn-tunda şöbә müdiri (1980–83) vә 1983–94 illәrdә Şәrqşünaslıq İn-tunda şöbә müdiri, Azәrb. Resp. Mәtbuat vә İnformasiya Nazirliyinin elmi mәslәhәtçisi (1989–94), Azәrb. Resp. EA prezidentinin klassik Şәrq әdәbiyyatı üzrә müşaviri (1991–94) işlәmişdir. Ə.-in elmi tәdqiqatları, әsasәn, şәrqşünaslığın müxtәlif problemlәrinin, o cümlәdәn S.Şirazinin poetik irsinin öyrәnilmәsinә hәsr olunmuşdur. Firdövsi (“Şahnamә”, rus dilindә, 9 cilddә, c. 4, 5, 8, M., 1960–71), Ömәr Xәyyam (“Rübai”, rus dilindә, M., 1959), N.Gәncәvi (“Sirlәr xәzinәsi”, B., 1982), Əbu Bәkr ibn Xosrov әl-Ustad (“Munisnamә”, B., 1991) vә digәr Şәrq әdәbiyyatı korifeylәrinin әsәrlәrinin elmi-tәnqidi mәtnlәrinin tәrtibi vә tәrcümәsindә iştirak etmişdir. Azәrb.–İran Dostluq Cәmiyyәtinin sәdri (1992–94), “Şәhriyar” qәzetinin vә “Nizami Gәncәvi” jurnalının baş redaktoru olmuşdur (1992–94). Hindistan, Misir, Mәrakeş, İran, İraq, Suriya, Tunis, ABŞ, B.Britaniya, Fransa vә s. ölkәlәrin elm vә tәhsil mәrkәzlәrindә mühazirәlәr oxumuşdur.
Ə s ә r l ә r i: Саади. Гулистан. Критический текст, пер., предисл. и прим. М., 1959; Divanefarsiye-Fәzlullah Nәimi vә İmadәddin Nәsimi. Tehran, 1974; Nizami. Qısa biblioqrafik mәlumat. B., 1983; Поэма о бессмертной любви. Б., 1991. Əd.: Rüstәm Əliyev. Biblioqrafiya. B., 2003.