ƏLİYEV Saleh Mәhәmmәd oğlu (12.12.1929, Gәncә – 18.11.2006, Moskva) – Azәrb. tarixçisi, şәrqşünas. Tarix e.d. (1986). Azәrb. Dövlәt Un-tinin bitirmişdir (1952). Rus, fars, türk, әrәb vә ingilis dillәrini öyrәnmişdir. Azәrb. SSR Mәdәniyyәt Nazirliyindә, sonra isә Azәrb. Dövlәt Pedaqoji İn-tunda işlәmişdir (1952–54). 1954 ildә Azәrb. SSR EA Tarix İn-tunda, 1959 ildәn ömrünün sonunadәk SSRİ EA (1991 ildәn Rusiya EA) Şәrqşünaslıq İn-tunun Yaxın vә Orta Şәrq şöbәsindә çalışmışdır. Elmi maraq dairәsi çox geniş olan Ə. sovet tarix elminә mәlum olmayan Sәfәvi şahlarının fәrmanlarını, İran, türk vә әrәb orta әsr tarixçilәrinin әsәrlәrini elmi dövriyyәyә daxil etmişdir. Ömrünün son illәrindә türk xalqları, Türkiyә vә Osmanlı imperiyası, Azәrb. tarixi, hәmçinin azәrb.-ların tәşәkkülü ilә bağlı mәsәlәlәri araşdırmışdır. Ə. Moskvada yaradılmış “Ocaq” Azәrb. mәdәniyyәti cәmiyyәtinin (1988) tәsisçilәrindәn biri vә uzun müddәt onun sәdr müavini idi. ABŞ vә Türkiyәdә nәşr olunan ensiklopediyaların hazırlanmasında fәal iştirak etmiş, “İslam Ensiklopediyası” üçün 20-dәn çox mәqalә yazmışdır. 100-ә qәdәr elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında
xidmәti var.
Ə s ә r l ә r i: Нефть и общественно-политическое развитие Ирана в XX век. М., 1985; История Ирана. XX век. M., 2004.