ƏLİYEVA Elmira Mikayıl qızı (d.26.10. 1958, Bakı) – Azәrb. mama-ginekoloqu. Tibb e.d. (1998), prof. (1999), Azәrb. Resp. әmәkdar hәkimi (2010). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1982). 1989 ildәn Azәrb. Tibb Un-tinin 3-cü mamalıq-ginekologiya kafedrasında (2002 ildәn müdir) işlәyir. Tәdqiqatları, әsasәn, postmenopauzal osteoporozun, histasion şәkәrli diabetin, Azәrb.- da uşaq ginekologiyasının әsasları vә sonsuzluq problemlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 300-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Postmenopauzal osteoporoz (Ş.Ş.Əsәdova ilә birlikdә). B., 2007.