ƏLİYEVA Fazu Hәmzәtovna (5.12.1932, Dağ. MSSR, Xunzax r-nunun Geniçutl k.) – avar şairi. Dağ. MSSR Xalq şairi (1969). 1961 ildә Qorki ad. Ədәbiyyat İn-tunu (Moskva) bitirmişdir. “Mavi yol”(1959), “Daş üstündә naxış” (1966), “On sәkkizinci bahar” (1968), “Yaşayan әfsanәlәr” (1970), “Borc sevinc” (1975), “Dağlar qanunu” (1977) vә s. şeir kitabları, “Bir ovuc torpağı külәk sovurmaz” (1967), “Hәr çәmәnә şeh düşür” (1974), “Albalı dolu zәnbil” (1975), “Sәkkizinci bazar ertәsi” (1978) vә s. romanları var. Müәllifin “Əbәdi mәşәl” (2005), “Qartallar dağdan enir” (2007), “Xeyirxahlığın qiymәti” (2012) әsәrlәrindә dağlıların insanpәrvәrliyi, mәnәvi әzәmәti, mәrdliyi vә vәtәnә sәdaqәti, milli kolorit vә etnik xüsusiyyәtlәri әksini tapmışdır. Əsәrlәri başqa xalqların dillәrinә, o cümlәdәn Azәrb. dilinә tәrcümә edilmişdir. Ə. Dağıstan Sülhü Müdafiә Komitәsinin sәdri olmuşdur.