ƏLİYEVA Mehriban Arif qızı (d. 26.8. 1964, Bakı) – Azәrb.-ın ictimai, siyasi vә dövlәt xadimi, Azәrb. Resp.-nın Birinci vitse-prezidenti (2017 ildәn), Heydәr Əliyev Fondunun prezidenti (2004 ildәn), UNESCO-nun (2004 ildәn) vә ISESCO-nun (2006 ildәn) xoşmәramlı sәfiri, Azәrb. Gimnastika Federasiyasının prezidenti (2002 ildәn). Azәrbaycan Resp.-nın Prezidenti İ.Əliyevin hәyat yoldaşıdır. Akad. A.M.Paşayevin vә filologiya e.d. A.N.İmanquliyevanın qızıdır.
1982 ildә Bakı şәhәri 23 №-li orta mәktәbi qızıl medalla, 1988 ildә M.Seçenov adına 1-ci Moskva Dövlәt Tibb İnstitutunu fәrqlәnmә diplomu ilә bitirmişdir. 1988–1992 illәrdә Moskvada Ümumittifaq Elmi Tәdqiqat Göz Xәstәliklәri İnstitutunda çalışmışdır.
Ə.-nın ictimai fәaliyyәtinin ilkin dövrü Azәrb. mәdәniyyәtinin inkişafı vә tәbliği ilә bağlıdır. Azәrb. mәdәni irsi vә incәsәnәtinin tәbliğinә, başqa xalqlarla mәdәni әlaqәlәrin genişlәndirilmәsinә yönәlmiş bir sıra layihәlәr, o cümlәdәn “Qarabağ xanәndәlәri” musiqi albomu, “Bakı payızı” beynәlxalq musiqi festivalı vә Beynәlxalq Bakı caz festivalı, üç dildә (Azәrb., ingilis vә rus) “Azәrbaycan – İrs” jurnalının nәşri Ə.-nın rәhbәrliyi vә bilavasitә tәşkilatçılığı ilә hәyata keçirilmişdir.
Ə. 2004 ilin mayından Heydәr Əliyev Fondunun prezidentidir.
Azәrb. mәdәniyyәti, tәhsili, sәhiyyәsi vә idmanının inkişafı, ölkәdә vә xaricdә çoxsaylı xeyriyyәçilik әmәllәri, sosial әdalәt vә humanizm prinsiplәrinә sәdaqәt Ə.- nın çoxşaxәli fәaliyyәtinin әsas qayәsidir. Onun rәhbәrliyi ilә hәmin sahәlәr üzrә müxtәlif proqram vә layihәlәr, elәcә dә “Tolerantlığın ünvanı – Azәrbaycan”, “Yenilәşәn Azәrbaycana yeni mәktәb”, “Tәhsilә dәstәk”, “Uşaq evlәri vә internat mәktәblәrinin inkişafı”, “Mәktәbәqәdәr tәhsil müәssisәlәrinin inkişafı”, “Diabetli uşaqlara әn yüksәk qayğı”, “Talassemiyasız hәyat naminә” vә “Görmә qabiliyyәtini itirmiş vә görmә qabiliyyәti zәif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın tәmin edilmәsi” layihәlәri hәyata keçirilmişdir. “Tәhsilә dәstәk” proqramı çәrçivәsindә Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan, Hollandiya vә ABŞ-da da bir sıra layihәlәr reallaşdırılmışdır. Ə.-nın tәşәbbüsü ilә Daun sindromlu şәxslәr vә xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mәrkәzlәri, mәhdud fiziki imkanlı insanlar üçün regional informasiya mәrkәzlәri açılmışdır.
Ə.-nın tәşәbbüsü ilә milli-mәnәvi dәyәrlәrin vә mәdәni irsin qorunub saxlanması, Azәrb. mәdәniyyәtinin dünyada tanıdılması, yeni mәdәniyyәt obyektlәrinin inşası, ölkә vә dünya әhәmiyyәtli tarixi abidәlәrin bәrpası istiqamәtindә әhәmiyyәtli işlәr görülmüşdür. Beynәlxalq Muğam Mәrkәzi, Müasir İncәsәnәt Muzeyi, Azәrbaycan Xalça Muzeyi vә Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması bu sahәdә uğurlu layihәlәrdәndir. Parisdә Versal Sarayı parkındakı abidәlәrin, İkinci dünya müharibәsi zamanı yanmış vә dağıdılmış Berlin qәsrinin, Vatikan arxivlәrindә qorunan orta әsr әlyazmalarının, Roma katakombalarının vә Bolqarıstandakı “Trapezitsa” memarlıq muzeyi qoruğunun bәrpası, Luvr Muzeyindә yeni zalların açılması vә Roma Kapitolini Muzeyinin “Filosoflar zalı”nın tәmiri beynәlxalq ictimaiyyәt tәrәfindәn dünya mәdәni irsinә töhfә hesab edilmişdir.
Ə.-nın tәşәbbüsü vә Heydәr Əliyev Fondunun dәstәyi ilә tәşkil edilәn beynәlxalq festival vә müsabiqәlәr Azәrb.-ın vә elәcә dә dünyanın mәdәni hәyatında әlamәtdar hadisә kimi qiymәtlәndirilir.
Ə. 2004 ildә Azәrb. şifahi xalq әdәbiyyatının vә musiqi irsinin qorunub saxlanılması vә inkişaf etdirilmәsi sahәsindәki xidmәtlәrinә görә UNESCO-nun, sivilizasiyalararası dialoqa, müxtәlif sahәlәrdә genişmiqyaslı fәdakar fәaliyyәtinә vә İslam alәmindә görülәn işlәrә böyük dәstәyinә görә isә 2006 ildә ISESCO-nun xoşmәramlı sәfiri elan edilmişdir.
Ə.-nın tәşәbbüsü vә dәstәyi ilә Azәrb. muğamı UNESCO-nun Bәşәriyyәtin Şifahi vә Qeyri-maddi Şah Əsәrlәri Siyahısına, Aşıq Sәnәti, Novruz Bayramı, “Azәrbaycan әnәnәvi xalçaçılıq sәnәti”, “Tar ifaçılığı sәnәti”, “Kәlağayı simvolizmi vә әnәnәvi sәnәti”, “Lahıc misgәrlik sәnәti”, “Kamança simli musiqi alәtinin hazırlanması vә ifaçılıq sәnәti”, “Lavaş – nazik çörәyin hazırlanma vә paylaşma mәdәniyyәti”, “Dolmanın hazırlanma vә paylaşma әnәnәsi” UNESCO-nun Qeyri-maddi Mәdәni İrs üzrә Reprezentativ Siyahısına, “Çovqan – Azәrbaycan Respublikasında әnәnәvi Qarabağ atüstü oyunu” UNESCO- nun Tәcili Qorunmaya Ehtiyacı olan Qeyri- maddi Mәdәni İrs Siyahısına, Qız Qalası vә Şirvanşahlar Sarayı ilә birgә İçәri Şәhәr kompleksi vә Qobustan Dövlәt Bәdii- Tarixi Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Ə. Azәrb. Gimnastika Federasiyasının prezidenti (2002 ildәn) vә Milli Olimpiya Komitәsi İcraiyyә Komitәsinin üzvüdür (2004 ildәn). Ə.-nın tәşәbbüsü ilә gimnastikanın bütün növlәrinin maddi-texniki bazasının güclәndirilmәsi, idmanın bu növünün kütlәvilәşmәsi istiqamәtindә tәdbirlәr hәyata keçirilmişdir. Azәrb. gimnastları beynәlxalq yarışlarda uğurlu nәticәlәr qazanmışlar. Eyni zamanda Azәrb. mötәbәr beynәlxalq yarışlara ev sahibliyi etmişdir.
Ə. Azәrb.-da keçirilmiş “Avroviziya” mahnı müsabiqәsinin (2012), Birinci Avropa Oyunlarının (2015) vә IV İslam Hәmrәyliyi Oyunlarının (2017) tәşkilat komitәlәrinin sәdri olmuşdur. O, 2016 ildә Avropada idmanın inkişafında göstәrdiyi xüsusi xidmәtlәrә görә Avropa Olimpiya Komitәlәri İcraiyyә Komitәsinin qәrarı ilә tәşkilatın әn yüksәk mükafatı olan Ali Ordenlә tәltif edilmişdir.
Ə. 2005 ildә dissertasiya işini müdafiә edәrәk fәlsәfә elmlәri namizәdi alimlik dәrәcәsi almışdır. O, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlәt Tibb Universitetinin fәxri professoru (2012), Bolqarıstanın Müqәddәs Kiril vә Mefodi adına Veliko Tırnovo Universitetinin fәxri doktorudur (2016).
Ə.-nın adı Azәrb.-ın ictimai-siyasi hәyatında birinci xanım institutunun formalaşması ilә sıx bağlıdır. Onun fәaliyyәti sayәsindә bu institut dövlәt vә cәmiyyәt hәyatının mühüm elementinә çevrilmişdir.
Ə. siyasi fәaliyyәtә Yeni Azәrbaycan Partiyasında (YAP) başlamış, 2004 ildә YAP Siyasi Şurasının üzvü, 2013 ildә isә partiyanın sәdr müavini olmuşdur. Ə. III, IV vә V çağırış Azәrb. Resp. Milli Mәclisinin deputatı seçilmişdir. O, Milli Mәclisin deputatı kimi fәaliyyәti dövründә ABŞ, Fransa parlamentlәri ilә dostluq qruplarının rәhbәri, Türkiyә vә Rusiya parlamentlәri ilә dostluq qruplarının üzvü olmuşdur. Ə. Milli Mәclisin müzakirәsinә 4 amnistiya aktının layihәsini tәqdim etmişdir. Qәbul edilmiş hәmin amnistiya aktları tәqribәn 40 min nәfәrә şamil olunmuşdur.
2017 ilin fevralında Ə. Azәrb. Resp.-nın Birinci vitse-prezidenti tәyin edilmişdir.
Ə. Azәrb. Resp.-nın Heydәr Əliyev Mükafatı laureatıdır (2009). Azәrb. Resp.-ın әn ali tәltiflәrindәn “Heydәr Əliyev” ordeninә layiq görülmüşdür (2015). O, bir çox xarici dövlәtlәrin ordenlәri ilә – Polşa Respublikasının “Xidmәtlәrә görә” Böyük Komandor Xaçı ordeni (2009), Fransanın “Şәrәf Legionu” ordeni (2010), Rusiya Federasiyası Hәştәrxan vilayәtinin “Hәştәrxan vilayәti qarşısında xidmәtlәrinә görә” ordeni (2014), Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni (2015), Serbiya Respublikasının “Sreten” ordeni (2015), Macarıstanın “Xidmәtlәrә görә Komandor Xaçı” ordeni (2016) vә İtaliya Respublikasının “Xidmәtlәrinә görә Böyük Xaç Kavaleri” ordeni (2018) ilә, hәmçinin beynәlxalq tәşkilatların vә ictimai qurumların orden, medal vә xüsusi mükafatları ilә – Rusiyanın “Yüzilliyin mesenatları” Beynәlxalq Xeyriyyә Fondunun “Yaqut Xaç” ordeni (2005), BMT- nin Ümumdünya Əqli Mülkiyyәt Tәşkilatının (WIPO) qızıl medalı (2006), “Qızıl ürәk” beynәlxalq mükafatı (2007), Dünya Sәhiyyә Tәşkilatının mükafatı (2007), UNESCO-nun “Qızıl Motsart” medalı (2010), Krans Montana Forumunun Qızıl medalı (2011) vә “Prix de la Fondation” mükafatı (2012), MDB Dövlәtlәrarası Humanitar Əmәkdaşlıq Şurası vә Humanitar Əmәkdaşlıq Fondunun “Birlik Ulduzları” mükafatı (2012), Beynәlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” mükafatı (2014), Rus Pravoslav Kilsәsinin “II dәrәcәli Müqәddәs Mәlәksima Knyaginya Olqa” ordeni (2017) vә Nizami Gәncәvi Beynәlxalq Mәrkәzinin qızıl medalı (2018) ilә tәltif olunmuşdur.