ƏLİYEVA Zemfira Mәmmәdәli qızı (25.12.1941, Şәmkir r-nunun Morul k. – 26.11.1995, Bakı) – Azәrb. aktrisası. Azәrb. SSR xalq artisti (1982). Ə. sәhnә fәaliyyәtinә 1958 ildә C.Cabbarlı ad. Gәncә Dövlәt Dram Teatrında başlamış, ilk dәfә Sara (“Solğun çiçәklәr”, C.Cabbarlı) rolunda çıxış etmişdir. Burada hәmçinin Tәrgül (“Mәhsәti”, K.Ağayeva), Dilarә (“Şәrqin sәhәri”, Ə.Mәmmәdxanlı), Medeya (“Medeya”, Evripid), Nәrmin (“Unuda bilmirәm”, İ.Əfәndiyev) vә b. obrazlar yaratmışdır. 1971–89 illәrdә aktrisası olduğu Naxçıvan Dövlәt Musiqili Dram Teatrında Sona (“Dәli yığıncağı”, C.Mәmmәdquluzadә), Roza, Xumar (“Şeyda”, “Şeyx Sәnan”, H.Cavid), Korinkina (“Günahsız müqәssirlәr”, A.Ostrovski), Elektra (“Elektra”, Sofokl) vә b. parlaq obrazlar yaratmışdır. Geniş diapazonlu aktrisa olan Ə.-nın ifası üçün yüksәk sәnәtkarlıq, tәbiilik vә güclü dramatizm sәciyyәvi idi. Naxçıvanda “Cavid poeziya teatrı”nda çıxış etmişdir. 1988–95 illәrdә Azәrb. Milli Dram Teatrının aktrisası olmuşdur. Rolları: Mehri ana (“Gecә döyülәn qapılar”, N.Xәzri), Nәrgiz (“Hara gedir bu dünya?”, B.Vahabzadә) vә b. Ə. televiziya tamaşalarında (“Yad qızı”, Orxan Kamal; “Manas” vә s.) da yaddaqalan obrazlar yaratmışdır. “Azәrbaycanfilm”in “Böyük dayaq”, “Pәncәrә”, çoxseriyalı “İtkin gәlin” televiziya filmlәrindә çәkilmişdir. Naxçıvan MR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Xalqlar dostluğu ordeni ilә tәltif edilmişdir.