ƏLİZADƏ Hümmәt Əli oğlu [10.10.1907, Cәnubi Azәrb.-nın Sulduz obası – 1941, Qazax r-nunun Köçәsgәr k. (hazırda Ağstafa r-nuna daxildir)] – Azәrb. folklorşünası. 11 yaşında ailәsi ilә birlikdә Bakıya, oradan da Qazax qәzasının Köçәsgәr k.-nә köçmüşlәr. Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1930). Azәrb. şifahi xalq әdәbiyyatının toplanması, nәşri vә tәdqiqi sahәsindә mühüm xidmәtlәri var. Ə. Azәrb., Ermәnistan vә Gürcüstanda yaşayan aşıqlardan, dastan vә nağıl söylәyicilәrindәn eşitdiyi xalq әdәbiyyatı nümunәlәrini yazıya almış vә “Azәrbaycan el әdәbiyyatı” (2 cilddә, c.1, 1929; c.2, 1936), “Azәrbaycan aşıqları” (1929), “Aşıqlar” (2 cilddә, c.1, 1935; c.2, 1936), “Dastanlar vә nağıllar” (1937), “Azәrbaycan bayatıları” (1938), “Aşıq Əlәsgәr” (1934, 1935, 1937), “Qoşmalar” (Aşıq Hüseyn Bozalqanlının; 1938), “Aşıq Əsәd” (1939) vә s. kitablarında nәşr etdirmişdir. “Koroğlu” dastanının Azәrb.-da daha mükәmmәl variantının toplayıcı vә tәrtibçilәrindәndir (rus. 1940; azәrb. 1941). Azәrb. folkloruna dair mәqalәlәri var. “Ülkәr” tәxәllüsü ilә xalq şeiri sәpkisindә qoşma vә gәraylılar, avtobioqrafik “Paraca” poemasını (1933) yazmışdır.