ƏLİZADƏ Mәmmәdtağı Hacı Əbdülsәmәd oğlu, Mәhәmmәdtağı Əli za dә Şirvani (10.1.1858, Şamaxı – mart 1918, Şamaxı) – ictimai-siyasi xadim, iqtisadçı-alim, publisist. Ə.Ə.Əlizadәnin vә A.Ə.Əlizadәnin babasıdır. Şamaxı mәhәllә mәktәbindә (1864–68), Tiflisdә Qafqaz Müsәlmanları Ruhani İdarәsinin nәzdindә altısinifli mәktәbdә (1868–74), Bakı realni gimnaziyasında (1874 –78) tәhsil almışdır. Ərәb, fars vә rus dillәrini mükәmmәl bilәn Ə. Bakıda H.Zәrdabi, N.Vәzirov, S.M.Qәnizadә vә b. ilә dostluq etmişdi. Moskvada Petrovski-Razumovski ad. Kәnd Tәsәrrüfatı vә Meşәçilik Akademiyasını aqronom vә iqtisadçı ixtisası üzrә bitirmişdir (1883). Tәlәbә olarkәn H.Zәrdabinin tәşәbbüsü ilә N.Vәzirovun hәmin Akademiyada yaratdığı “İmdadiyyә” dәrnәyinin fәal üzvü olmuş,”Əkinçi” qәzetindә vә digәr dövri mәtbuat orqanlarında mәqalәlәr dәrc etdirmişdi. Akademiyanı bitirdikdәn (1883) sonra alman, ingilis vә fransız dillәrinә yiyәlәnmiş Ə. Rusiya Maliyyә Nazirliyindә Rixterin rәhbәrlik etdiyi “Rüsum vә Töycü şöbәsindә” işlәmişdi (1883–88). İqtisadiyyata dair biliklәrini tәkmillәşdirmәk mәqsәdilә әvvәl Almaniyaya, az sonra Fransaya getmişdi. Tәqr. 1 il Fransa vә İngiltәrәdә yaşamışdı. Almaniyada yaşadığı müddәtdә topladığı faktlar vә müşahidәlәr әsasında “Sileziya vilayәtinin iqtisadiyyatı haqqında” elmi әsәr yazıb alman dilindә nәşr etdirmişdi. Lakin Maliyyә Nazirliyindә Rixterin islahat layihәlәri üzrә mәsәlәlәrin hәyata keçirilmәsindә bürokratiyaya rast gәldiyindәn digәr mütәrәqqi mәmurlarla birlikdә istefa vermişdi. 1888 ildә Şamaxıya qayıdıb xeyriyyә işlәri ilә mәşğul olan Ə. İrana sәyahәt etmişdi. 1906 ildә I Dövlәt Dumasına Bakı qub.-ndan deputat seçilmişdi. Ə. “Trudoviklәr” (“Əmәkçilәr”) partiyasına rәğbәt bәslәmiş, müsәlman fraksiyasının üzvü kimi, qeyri-rus xalqlarının milli muxtariyyәti ideyasını müdafiә etmiş, bir sıra siyasi dustaqlara qarşı özbaşınalıqlara yol verәn vәzifәli mәmurların cinayәt mәsuliyyәtinә cәlb edilmәsi tәlәbini irәli sürmüşdü. Rusiyada Fevral inqilabından (1917) sonra Şamaxının siyasi hәyatında fәal iştirak edәn vә Şәhәr İcraiyyә Komitәsinin sәdri olan Ə. Mart soyqırımı (1918) zamanı ermәni-daşnak dәstәlәrinә qarşı mübarizәnin tәşkilatçılarından biri idi. Ermәni-daşnak quldur dәstәlәri şәhәrin әhalisinә divan tutarkәn evini tәrk etmәmiş, qeyri-bәrabәr döyüşdә 2 saata yaxın müqavimәt göstәrmiş, faciәli surәtdә hәlak olmuşdur. Ermәni daşnakları onun mülkünü talan etmiş, od vurub yandırmışdılar. Hәmin vaxt Ə.-nin iqtisadiyyat vә k.t.-na aid yazdığı kitablar, habelә bәdii әsәrlәri dә mәhv edilmiş, günümüzә gәlib çatmamışdır.