ƏLVƏNDİ (tәxәllüsü; әsl soyadı Mәlikov) Mәhәmmәd (1872, Şamaxı –1918, Bakı) – Azәrb. aktyoru. Sәhnә fәaliyyәtinә 1890-cı illәrdә Bakıda hәvәskar aktyor kimi başlamışdır. Sonralar, әsasәn, “Nicat” cәmiyyәti nәzdindәki teatr truppasında çıxış etmişdir. Ə.-nin repertuarı geniş, çoxsahәli vә zәngin olmuşdur. Rolları: Heydәr bәy (“Hacı Qara”, M.F.Axundzadә), Əşrәf bәy, Rüstәm bәy (“Yağışdan çıxdıq, yağmura düşdük”, “Müsibәti-Fәxrәddin”, N.Vәzirov), Şah Tәhmas (“Nadir şah”, N.Nәrimanov), Murtuzaqulu xan, Sadıq xan (“Ağa Mәhәmmәd şah Qacar”, Ə.Haqverdiyev), Qәhtan (“Dәmirçi Gavә”, Ş.Sami), Osip (“Müfәttiş”, N.Qoqol), Yaqo (“Otello”, U.Şekspir), Herman (“Qaçaqlar”, F.Şiller), tәbib (“Zorәn tәbib”, J.B.Molyer) vә b. Onun yaratdığı obrazlar tamaşaçıların әhvali-ruhiyyәsinә, düşüncәsinә dәrin tәsir göstәrirdi. Ə. dövrün mütәrәqqi fikirli ziyalıları ilә birlikdә Azәrb. teatrının geniş xalq kütlәsi içәrisindә nüfuzunun artmasına çalışmışdır.
1918 ildә ermәnilәrin Bakıda törәtdiklәri qırğınlardan bәrk sarsılan Ə. ömrünün son aylarını sәfalәt içindә keçirmişdir.
Əd.: Kәrimov İ. Mәhәmmәd Əlvәndi. “Unudulmaz sәhnә ustaları” kitabında. B., 1981; Kәrimov İ. Azәrbaycan peşәkar teatrının tarixi vә inkişaf mәrhәlәlәri. B., 2002.