ƏMALİ ( – әr. imla sözünün cәmi) – Alimlәrin hәdislәri vә ya başqa mәlumatları öz tәlәbәlәrinә yazdırması ilә meydana gәlәn әsәr növü. Əsasәn müsәlman ölkәlәrindә yayılmışdı. Hәdisçilәr, tәfsirçilәr, әrәb dili vә әdәbiyyatı alimlәri vә b. rәvayәti ilә mәşğul olduqları biliklәri çox halda әzbәrdәn, bәzәn dә sәnәdlәri ilә birlikdә yazdırmışlar. Hәdis kitabları hәdislәri ilk dәfә söylәyәnlәrin adlarına, qәbul olunmuş qaydalara vә camelәrdә söylәnmәsinә görә tәrtib edildiyi halda, Ə.-lәrdә belә bir ardıcıllıq gözlәnilmәmiş, alimin hәdisi söylәdiyi ardıcıllıqla yazıya alınmışdır. Ə.-lәrin yazıldığı hәr bir dәrsә “mәclis” deyildiyi üçün bәzi Ə.-lәr “mәcalis” vә ya “mücalisә”, yaxud “nәvadir” adlandırılmışdır. Orta әsrlәrdә dövlәt başçılarının imla mәclislәrinә maraq göstәrmәsi vә bәzәn özlәrinin dә hәdis söylәmәsi Ə.-lәrin әhәmiyyәtini xeyli artırmışdır. Sәlcuq dövlәtinin vәziri Nizam әl-Mülkün (Nizamülmülk) iki Ə.-si, müxtәlif şәhәrlәrdә tәşkil etdiyi imla mәclislәri mәlumdur. İlk Ə.-nin müәllifi mәlum olmasa da, bilinәn әn qәdim Ə.-lәr Leys ibn Sәdә (“Mәclis min fәvaid”), İmam Əbu Yusifә (“әl-Əmali”), Mәhәmmәd ibn Hәsәn әş-Şeybaniyә (“Cüz minәl-әmali”) mәxsusdur. 8 әsrdәn 10 әsrә qәdәr müxtәlif elmlәrә dair Ə.-lәr tәrtib olunmuşdur. Ə.lәr hәdislәrdәn sonra әn çox әrәb dili vә әdәbiyyatı, elәcә dә lüğәt sahәsindә hazırlanmışdır. Bunlardan Salәb, Əbu Əli әlQali, Əbu Abdullah Mәhәmmәd ibn Abbas әl-Yezidi vә İbnüş-Şәcәrinin Ə.-lәri әn mәşhurlarıdır. Fiqh vә kәlam sahәsindә dә bir çox Ə. qәlәmә alınmışdır.