ƏMANİ Mәhәmmәd (tәqr.1535/36, Türkiyә, Bayburt – 1610, ?) – Azәrb. şairi. Füzuli әdәbi mәktәbinin davamçılarındandır. Ə. ziddiyyәtli vә dәyişkәn dövrdә yaşamışdır. I Şah Tәhmasib, sonra isә I Şah Abbasın hakimiyyәti illәrindә qızılbaş әmirlәrindәn olmuş, Mәrvin (1599), Bәlxin (1602), Tәbrizin (1604) alınmasında, 1606 ildә Türkiyә üzәrinә yürüşdә iştirak etmişdir. Bu hәrbi qәlәbәlәr şairin qәsidәlәrindә әksini tapmışdır. Ə. haqqında ilk mәlumatı verәn Sadıq bәy Əfşar onun Yәzd hakimi olduğunu vә xeyirxahlığı ilә xalqın hörmәtini qazandığını bildirmişdır. Azәrb. dilindә vә farsca divanları Britaniya muzeyindә saxlanır. İngilis alimi Ç.Riyo şairin divanları haqqında mәlumat vermişdir. Ə.-nin yaradıcılığı poeziyada dünyәvi meyillәrin güclәnmәsinә tәsir göstәrmişdir. Hәm klassik Şәrq poeziyası (qәzәl, qәsidә, rübai, mәsnәvi), hәm dә aşıq şeiri (bayatı, qoşma, gәraylı) formalarında yazmışdır. Ə.-nin qәzәllәrindә real insani eşq ilә sufi-panteist eşqin vәhdәti önә çıxır, fikir genişliyi fәlsәfi mahiyyәt alır. Ə.-nin klassik şeir üslubunda yazdığı әsәrlәr arasında mәnzum hekayәlәri dә mühüm yer tutur vә o, Azәrb. dilindә ilk mәnzum hekayәlәrin yaradıcısı hesab edilir (“Dәvәsi ölmüş qarı”, “Tiryәkçi”, “Hatәm Tai vә qәrib” vә s.). Ə.-nin mәsnәvilәri 16 әsrin ikinci yarısındakı tarixi hadisәlәri, Sәfәvilәrin hәrbi yürüşlәrini öyrәnmәk üçün qiymәtli mәnbәdir.