ƏMƏK – cәmiyyәt daxilindәki tәlәbatın ödәnilmәsinә yönәlmiş mәqsәdәuyğun, şüurlu insan fәaliyyәti; bu prosesdә insan әmәk alәtlәrinin kömәyi ilә tәbiәtә tәsir göstәrir, onun predmetlәrini öz mәqsәdinә uyğun şәkildә dәyişәrәk mexaniki, fiziki, kimyәvi xassәlәrindәn istifadә edir vә bu zaman öz tәbiәtini dә dәyişәrәk yaradıcı qabiliyyәtlәrini artırır. Ə. bütün ictimai-iqtisadi formasiyalarda insan hәyatının әbәdi tәbii tәminatçısıdır. Ə. insanın formalaşmasında hәlledici rol oynamışdır. Ə.-in әn sadә vә vacib cәhәtlәri: mәqsәdәuyğun fәaliyyәt, yaxud özü üçün Ə.; Ə. predmeti vә Ə. vasitәlәri. Mәqsәdyönlü әmәk fәaliyyәti prosesindә insan (Ə.-in subyekti) yaratdığı Ə. alәtlәrinin kömәyi ilә Ə. predmetini özünә zәruri olan mәhsula çevirir. Ə.-in inkişaf etmәsinin әsas meyarı Ə. alәtlәridir. Onlarda maddi istehsalın inkişaf sәviyyәsi, Ə.-in ictimai bölgüsü tipi predmetlәşmişdir. Ə. predmeti ilә Ə. vasitәlәri birlikdә istehsal vasitәlәrini tәşkil edir. Ə. prosesi insanların tәbiәtә tәsiri ilә mәhdudlaşmır. İnsanlar maddi nemәtlәr yaratmaq üçün öz aralarında әlaqә vә münasibәtlәrә – istehsal münasibәtlәrinә başlayırlar. Mülkiyyәt formalarının dәyişmәsi iş qüvvәsinin istehsal vasitәlәri ilә birlәşmәsi üsullarını da dәyişir. Ə. ictimai, kollektiv fәaliyyәt növü olduğundan, onun tәşkili vasitәlәrinә ehtiyac meydana gәlir ki, bu funksiyanı da nitq, dil yerinә yetirir.
Ə. prosesindә mürәkkәblәşәn ünsiyyәt formaları, nitq vә tәfәkkür hәyat tәşkilinin yeni növünün – cәmiyyәtin yaranması ilә nәticәlәnir. Belәliklә, yeni protososial bütövlük meydana gәlir. Ə. müştәrәk fәaliyyәt iştirkaçılarını bir icma daxilindә birlәşdirir vә onların ünsiyyәtini şәrtlәndirir. İnsanın gәlәcәk inkişafı ictimai münasibәtlәrin inkişafı vә onların mәdәni qorunub saxlanma formalarında әks olunmuşdur. Mәdәniyyәtin vә ictimai hәyatın mәdәni özününizamlama formalarının yaranması prosesindә insan hәmin hәyatın subyekti vә yaradıcısı kimi özünü dә yaradır. Ə. vasitәsilә insanın bütün ehtiyacları ödәnir. Ə. insanın dünyada başlıca özünütәsdiq üsuluna çevrilir, fiziki vә mәnәvi-ruhani keyfiyyәtlәrini kamillәşdirir, mәdәni tәlәbatını formalaşdırır. Belәliklә, Ə.-lә yalnız tәlәbat malları deyil, Ə.-in subyekti olan insanın özü yaradılır. Ə.-in primitiv formalarından azad-yaradıcı formalarınadәk inkişafında bәşәriyyәtin mütәrәqqi inkişaf prosesi әks olunmuşdur.
Cәmiyyәt üzvlәrinin Ə.-inin şәxsi maddi stimullaşdırılması zәruridir. Şәxsi maddi maraq Ə.-in ictimai mәhsuldarlığının vә texniki tәrәqqinin yüksәlişinә sәbәb olmaqla, eyni zamanda bütün cәmiyyәtin, istehsalda iştirak edәn hәr kollektivin vә onun üzvünün mәnafeyinә cavab verir. İctimai Ə.-in mәhsuldarlığının artırılması bütün xalqın hәyat sәviyyәsini ardıcıl surәtdә yüksәltmәk mәqsәdi daşıyır.
Azәrb. Resp.-nın Konstitusiyasına görә, Ə. fәrdi vә ictimai rifahın әsasıdır. Hәr kәsin Ə.-ә olan qabiliyyәti әsasında sәrbәst surәtdә özünә fәaliyyәt növü, peşә, mәşğulluq vә iş yeri seçmәk hüququ vardır vә heç kәs zorla işlәdilә bilmәz.