ƏMƏK EHTİYATLARI (ing. human resources) – potensial işçi qüvvәsi; ictimai istehsalda iştirak edәn vә etmәyәn әqli vә fiziki cәhәtdәn әmәkqabiliyyәtli әhali. İqtisadi kateqoriya kimi Ə.e. istehsal zamanı, әmәk qabiliyyәtindәn istifadәnin düzgün bölüşdürülmәsi vә tәkrar bölüşdürülmәsi prosesindә cәmiyyәt әmәk kollektivlәri vә ayrı-ayrı fәrdlәrarası münasibәtlәri ifadә edir. İstehsal fondları ilә müqayisәdә Ə.e.-nın tәkrar istehsalı kәmiyyәt baxımından müxtәlif, keyfiyyәtcә daha mürәkkәbdir.
Xarici iqtisadi әdәbiyyatlarda Ə.e. dedikdә, әmtәә vә xidmәtlәrin istehsalı zamanı tәlәb olunan әqli vә fiziki fәaliyyәt nәzәrdә tutulur. Hәr bir dövlәtdә müxtәlif ictimai-iqtisadi şәraitdәn asılı olaraq Ə.e.-nın yaş hәddi (16 yaşdan yuxarı әhali Ə.e. hesab edilir. Bu yaş hәddi Azәrb.-da qadın vә kişilәrdә 65 yaşadәk davam edir) yaş, tәhsil senzi vә s. normalarla bağlıdır. Ə.e.-nın payı ölkә әhalisinin yaş strukturundan asılıdır. İnkişaf etmәkdә olan ölkәlәrdә bu pay әhalinin yarısından azını, inkişaf etmiş ölkәlәrdә isә bu göstәrici 65% tәşkil edir. Dünya statistikasına әsasәn 15–64 yaşında olan әhali Ə.e. hesab olunur.