ƏMƏKHAQQI – işverәn ilә muzdlu işçi arasında ilkin razılaşmaya әsasәn işçinin әmәyinin ödәnilmәsi. Ə.-nın әsasında, bir qayda olaraq, әmәk bazarında tәlәb vә tәklifin tәsirilә formalaşmış işçi qüvvәsi, yaxud әmәyin qiymәti durur. Ə.-nın hәcmi işçi qüvvәsinin tәkrar istehsal xәrclәri ilә, әmәk prosesindә işçi qüvvәsi sәrfi vә bu әmәyin nәticәlәri vasitәsilә müәyyәn olunur.
Nominal Ə. işçinin öz әmәyi müqabilindә cari qiymәtlәrlә, adәtәn, pul formasında verilir. Real Ə. әsas istehlakçı mallarının qiymәtinin artması (qiymәt inflyasiyası) nәzәrә alınaraq hesablanır, yәni işçinin qazandığı Ə. vә faktiki ala bildiyi istehlakçı mallarının konkret dәsti ilә müәyyәn olunur. Belә ki, hәr hansı vaxt әrzindә nominal Ə. 7%, hәmin dövrdә inflyasiyanın sәviyyәsi 9% olduqda, artım real Ə.-nı 2% üstәlәyir.
Formasına görә işәmuzd vә vaxtamuzd Ə. fәrqlәndirilir. İşәmuzd Ə. muzdlu işçinin istehsal etdiyi (hazırladığı) mәhsulun miqdarından asılıdır. Bu Ə. formasının mühüm elementi tarif dәrәcәsi vә tarif cәdvәlini özündә birlәşdirәn tarif sistemidir. Tarif dәrәcәsi mәhsul, yaxud sәrf olunmuş zaman vahidinә düşәn әmәyin ödәnilmәsinin ölçüsünü müәyyәn edir. Bu zaman, mәhsul vahidinin istehsalına sәrf olunan әmәk normaları vә bu işin mürәkkәbliyi nәzәrә alınır.
Müasir şәraitdә Ə.-nın vaxtamuzd (saathesabı, günhesabı, ayhesabı, hәmçinin ABŞ-da qәbul olunduğu kimi ilhesabı ola bilәr) forması böyük әhәmiyyәt kәsb edir. Əmәyin ödәnilmәsinin vaxtamuzd formasının aparılması istehsal prosesinin mürәkkәblәşmәsi, müasir texnologiyaların istifadәsi ilә, yәni hәr bir işçinin әmәyinin kәmiyyәtini müәyyәn etmәyin çәtin, yaxud qeyri-mümkünlüyü ilә әlaqәlidir. Mütәxәssislәrin qiymәtlәndirmәlәrinә әsasәn, ABŞda Ə.-nın 80%-indәn çoxu vaxtamuzd formasındadır.
Ə.-da sabit vә dәyişәn hissә fәrqlәnir. Sabit hissә tarifә uyğun olur vә müqavilәyә әsasәn istәnilәn halda ödәnilir. Dәyişәn hissәyә işçinin konkret әmәyindәn, onun ixtisasından, müәssisәnin işinin ümumi yekunundan vә s. asılı olaraq verilәn mükafat, әlavәlәr vә s. ödәmәlәr.
Minimum әmәkhaqqı muzdlu işçinin әmәyinin zәmanәtli minimum ödәnilmәsini bildirir. Minimum Ə. saathesabı (mәs., ABŞ-da), yaxud ayhesabı (RF) formasında ola bilәr. Yerli hakimiyyәt bu çәrçivә daxilindә minimum Ə.-nı әrazi fәrqi vә s. yerli şәrtlәrdәn asılı olaraq qanuni şәkildә diferensasiya edә bilәr. Əmәyin minimum ödәnilmәsi nәzәri olaraq yaşam minimumunun hәcminә uyğun olmalıdır.