ƏMƏK KİTABÇASI – işçinin әmәk fәaliyyәti haqqında mәlumatları özündә әks etdirәn әsas sәnәd. Ə.k. dörd bölmәdәn, üz qabığı, titul vәrәqi, iş haqqında mәlumat, pensiya tәmin edilmәsi haqqında mәlumat bölmәlәrindәn ibarәtdir. Əmәk kitabçalarının vahid formada olması vә onun tәrtibinin eyni qaydada aparılması üçün Azәrb. Resp. Nazirlәr Kabineti 1996 ildә 186 saylı Qәrarı ilә “İşçilәrin әmәk kitabçasının forması vә onun tәtbiqi qaydaları”nı tәsdiq etmişdir. Qaydalara görә, Ə.k. işçinin әmәk fәaliyyәtini vә әmәk stajını tәsdiqlәyәn әsas sәnәddir. Hәr bir şәxs әmәk müqavilәsi bağlayarkәn işәgötürәnә digәr sәnәdlәrlә yanaşı, Ə.k.-nı da tәqdim etmәlidir. Bu, әmәk fәaliyyәtinә ilk dәfә başlayan şәxslәrә şamil edilmir, onlara Ə.k.-nı işәgötürәn vermәlidir. Eyni zamanda mәcburi köçkünlәr, qaçqınlar vә onlara bәrabәr tutulan şәxslәr, habelә әcnәbilәr vә vәtәndaşlığı olmayan şәxslәrlә Ə.k. tәqdim olunmadan әmәk müqavilәsi bağlana bilәr. Resp.-nın müvafiq hakimiyyәt orqanlarının, fiziki vә hüquqi şәxslәrin (bütün işәgötürәnlәr) tәsis etdiklәri, mülkiyyәt vә tәşkilati-hüquqi formasından asılı olmayaraq dövlәt әrazisindә yerlәşәn bütün müәssisәlәrdә, idarәlәrdә, tәşkilatlarda, habelә müәssisә yaratmadan işçilәrlә әmәk müqavilәsi bağlanmış iş yerlәrindә, elәcә dә ölkәyә mәxsus, lakin onun hüdudlarından kәnarda yerlәşәn digәr bütün iş yerlәrindә Ə.k. tәtbiq edilir vә bu kitabçada müvafiq qeydiyyatlar aparılır. Ə.k. vә ondakı qeydlәr ölkәnin dövlәt dilindә aparılmalıdır. Ə.k.-da işçinin soyadı, adı, atasının adı (bütöv şәkildә), doğulduğu gün, ay, il, tәhsili (o cümlәdәn başa çatdırılmamış tәhsil), peşәsi vә ixtisası haqqında mәlumatlar sәhvsiz vә ixtisar olunmadan göstәrilmәlidir. Hәmin mәlumatlar Ə.k.-na tәsdiqedici sәnәdlәr әsasında daxil edilir.
Ə.k.-nın tәrtib olunmasında “iş haqqında mәlumat” bölmәsi xüsusi diqqәtlә doldurulmalıdır. İşәgötürәn vә ya onun bu sahә üzrә sәlahiyyәtli nümayәndәsi işçinin işә qәbul, yaxud işdәn azad olunması ilә bağlı qeydlәrin sonunu imzalayır vә möhürlә tәsdiqlәyir. Ə.k. dolduqda, ona әlavә içlik qoyulur vә Ə.k.-nın son sәhifәsindә içliyin seriya nömrәsi göstәrilmәklә onun әlavә edilmәsinә dair qeyd aparılır. Ə.k. itdikdә qaydalara uyğun olaraq işçiyә onun dublikatı verilir.
Ə.k. 5 gündәn artıq işlәyәn bütün işçilәr üçün alınmalıdır vә ya tәqdim olunan Ə.k.nda müvafiq qeydlәr edilmәlidir. İşçinin әmәk müqavilәsinә xitam verildiyi gün Ə.k. zәruri qeydlәr aparılmaqla işçiyә verilmәlidir. Ə.k.-nın işdәn çıxan işçiyә poçt vasitәsilә göndәrilmәsinә yalnız işçinin razılığı ilә yol verilir. Vәfat etmiş işçinin Ə.k. onun ailәsinә tәqdim olunur.