ƏMƏK QABİLİYYƏTİ OLMAMAQ VƏRƏQƏSİ, xәstәlik vәrәqәsi - işçinin әmәk qabiliyyәtini müvәqqәti itirmәsini tәsdiq edәn sәnәd; әmәk qabiliyyәtini müvәqqәti itirmәyә görә müavinәt tәyin etmәk vә ödәmәk üçün әsasdır. Ə.q.o.v. sәhiyyә nazirliyinin müalicә vә sanatoriya sistemi vә ya yaşayış yeri, yaxud müәssisә (idarә) işçilәrinin tәhkim olunduğu müalicә müәssisәsi hәkimlәri tәrәfindәn verilir. Dövlәt qeydiyyatı olan özәl tibb müәssisәlәri dә Ə.q.o.v. vermәk hüququna malikdir. Müvәqqәti әmәk qabiliyyәtinin olmaması daimi yaşayış vә iş yerindәn kәnarda (mәs., ezamiyyәt, istirahәt evi vә s.) olduqda, Ə.q.o.v. xәstәnin müvәqqәti yaşadığı yerdә verilir vә müalicә müәssisәsinin baş hәkimi tәrәfindәn tәsdiqlәnir. Müalicә hәkimi olmayan yerlәrdә, habelә üzәn gәmilәrdә Ə.q.o.v. (sonradan sahә hәkiminin nәzarәti ilә) tibb mәntәqәsinin müdiri (feldşer) tәrәfindәn verilә bilәr. Ə.q.o.v. – әmәk qabiliyyәtinin olmaması müәyyәn edilәn gün; stasionar müalicә zamanı isә xәstәxanadan çıxdıqda verilir. Xәstәlik vә ya travma nәticәsindә әmәk qabiliyyәtinin itirilmәsi zamanı Ə.q.o.v. әmәk qabiliyyәtinin olmaması müәyyәn edilәn gün (stasionardan başqa) sağlamlıq bәrpa olunana vә ya әlillik müәyyәn edilәnә qәdәr verilir. Hәkim hәr dәfә 3 gün, ümumәn isә 6 gündәn çox olmayaraq Ə.q.o.v. vermәk hüququna malikdir. Müalicә hәkiminin Ə.q.o.v.-ni uzatmağı müalicә müәssisәsinin baş hәkimi vә ya hәkim-mәslәhәt komissiyasının razılığı ilә ola bilәr. Ə.q.o.v. hәmçinin hamilәlik vә doğum, sanatoriya-kurort müalicәsi, karantin vә xәstә olan ailә üzvünә qulluğa görә dә verilir.